Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Təbiət və kainatın milyardlarla illik tarixini LEGO fiqurları ilə nümayiş etdirən qeyri-adi sərgi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ziyarətçilərin üzünə açıqdır.
“Natural Brickstory” adlı ekspozisiya Əbu-Dabi Təbiət Tarixi Muzeyində təqdim olunur. Sərgidə kainatın yaranmasından başlayaraq planetimizin geoloji inkişafı, dinozavrlar, bitkilər və canlılar aləmi LEGO konstruksiyaları vasitəsilə canlandırılıb.
Ekspozisiyanın əsas xüsusiyyətlərindən biri mürəkkəb elmi məlumatların uşaqlar və böyüklər üçün daha əyləncəli və anlaşıqlı formada təqdim edilməsidir. Ziyarətçilər müxtəlif maketlər vasitəsilə Yer kürəsinin və canlı aləmin milyonlarla, hətta milyardlarla il ərzində keçdiyi dəyişiklikləri izləyə bilirlər.
Sərgidə dinozavrların müxtəlif növləri, qədim canlılar, minerallar, bitkilər və kosmik obyektlərlə yanaşı, Yer kürəsinin formalaşması ilə bağlı səhnələr də LEGO elementləri ilə hazırlanıb.
Təşkilatçılar bildirirlər ki, layihənin məqsədi elm və təbiət tarixini ənənəvi muzey təqdimatından fərqli üsulla nümayiş etdirmək, xüsusilə gənc ziyarətçilərdə təbiət elmlərinə maraq yaratmaqdır.
Beləliklə, milyardlarla illik təbiət və kainat tarixini bu dəfə eksponatlardan deyil, minlərlə LEGO detalından “oxumaq” mümkündür.
Hazırladı:
Səadət Rzayeva
XQ