Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI

12.10.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Çexiyanın avtomobil istehsalçısı “Škoda” sükan sistemində istifadə olunan boltun istehsal qüsuru səbəbindən dünya üzrə 1 milyon 719 min avtomobilini geri çağırır. Təhlükəsizlik riski ilə əlaqədar başladılan kampaniya “Volkswagen” Qrupunun “Dieselgate” qalmaqalından sonra həyata keçirilən ən böyük geri çağırma əməliyyatlarından biri kimi qiymətləndirilir.

Avtosfer.az xəbər verir ki, geri çağırma 2015-ci ilin noyabrından 2026-cı ilin avqustunadək istehsal olunan “Octavia”, “Superb”, “Karoq” və “Kodiaq” modellərini əhatə edir. Məlumata görə, qüsurlu boltun qiyməti cəmi 6 avrodur. Kampaniya çərçivəsində şirkət ilk dəfə təhvil verilməsindən üç ay belə keçməyən yeni avtomobilləri də servisə çağırıb.

Problemin sükan mexanizmini ön oxun alt çərçivəsinə birləşdirən altıbucaqlı başlı boltun istehsal qüsurundan qaynaqlandığı bildirilir. Nəmlik, eləcə də qış aylarında yollara səpilən duz və digər kimyəvi maddələrin təsiri nəticəsində boltun zamanla korroziyaya uğraya, boşala və qırıla biləcəyi müəyyən edilib.

Boltun qırılması halında sükan mexanizminin yalnız bir birləşmə nöqtəsində qalması mümkündür. Bu isə xüsusilə avtomobilə yüksək yük düşdükdə sükan idarəetməsinin itirilməsinə və nəqliyyat vasitəsinin yoldan çıxmasına səbəb ola bilər.

Geri çağırma kampaniyasına daxil olan avtomobillərdə qüsurlu detal səlahiyyətli servis mərkəzlərində korroziyaya davamlı yeni boltlarla əvəzlənəcək. Dəyişdirmə əməliyyatı avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью