Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ənənəvi iş yerlərinin sayı azalır və burada Süni İntellekt mühüm rol oynayır. 2024-cü ildə Çində təxminən 11,8 milyon tələbə universiteti bitirib, lakin gənclər arasında işsizlik rekord həddə çatıb. Əsas problem ondadır ki, milyonlarla tələbənin illərlə öyrəndiyi bacarıqlar sürətlə dəyərini itirir. Generativ Süni İntellekt burada sadəcə insanlara kömək edən vasitə deyil, bir çox hallarda onların yerini tutan texnologiyaya çevrilir. Nəticədə insanın tənqidi düşünmə və ünsiyyət bacarıqlarının bazar dəyəri azalır”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, məhz bu səbəbdən Çin universitetləri gələcək üçün tələb olunan akademik istiqamətləri əsaslı şəkildə yenidən formalaşdırırlar. 2021–2025-ci illər ərzində Çin universitetlərində 10 200 yeni proqram yaradılıb. Eyni zamanda təxminən 12 200 bakalavr proqramı ləğv edilib və ya dayandırılıb. Cəmi dörd il ərzində Çində mövcud universitet proqramlarının 30 faizdən çoxu ciddi dəyişikliklərə məruz qalıb. Ən böyük azalmalar incəsənət, humanitar elmlər, idarəetmə və xarici dillər üzrə proqramlarda müşahidə olunur:
“Bunun əsas səbəbi Generativ Süni İntellektin mətn yazılması, tərcümə, ilkin məlumat təhlili kimi bir çox əsas vəzifələri yüksək səmərəliliklə yerinə yetirməsidir. Əvəzində Çin universitetləri yeni texnologiyalara yönəlmiş proqramlar açırlar”.
Sevinc Qarayeva