Min manatlıq MİDA istiqrazlarını niyə almalıyıq?

06.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 130 milyon manatlıq istiqraz buraxır.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilir ki, məqsəd tikinti layihələrini vaxtında icra etməkdir.

Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 130 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

MİDA-nın 130 milyon manatlıq istiqrazlarını bazarda satmaq nə dərəcədə real görünür?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, MİDA-nın istiqraz buraxması müsbət addım olsa da, bu qiymətli kağızların bazarda uğur qazanması onların gəlirlilik səviyyəsi və investorlarda yaradacağı etimaddan asılı olacaq:

"Dövlət qurumu olaraq onların istiqraz buraxmaq səlahiyyəti var. Ancaq burada əsas sual istiqrazların gəlirlilik səviyyəsinin nə qədər olacağıdır. İnsanların buna maraq göstərib-göstərməyəcəyi də məhz bundan asılı olacaq.

Məsələn, vətəndaş depozitə pul qoymayıb niyə istiqraz almalıdır? Əgər bank depozitləri üzrə gəlirlilik 10 faizdirsə, bu istiqrazların gəlirliliyi nə qədər olacaq? 

Bütün bunlar ciddi suallardır. Vətəndaş əvvəlcə bu qiymətli kağızlara inanmalıdır ki, onlara vəsait yatırmaq barədə qərar versin". 

Ekspert qeyd edib ki, hazırda dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı müəyyən çətinliklər olduğu üçün kənar maliyyə vəsaiti cəlb etmək istəyirlər:

"Bu, özlüyündə pis bir hal deyil. Əksinə, qiymətli kağızlar bazarının formalaşmasına və inkişafına müsbət təsir göstərə bilər. Lakin burada əsas məsələ etibarlılıqdır.

Qiymətli kağız bazara çıxarılanda həm gəlirliliyi cəlbedici olmalı, həm də investorlarda inam yaratmalıdır. Bununla bağlı daha ətraflı məlumatların açıqlanmasına ehtiyac var".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: istiqraz Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью