“Mina müharibəsi hələ də davam edir” Deputat və ekspertdən şərh

11.09.2026

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Daşkənd kəndi ərazisində mina hadisəsi baş verib. Hadisə zamanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb. Hadisə nəticəsində Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu müxtəlif xəsarətlər alıb. Mina partlayışı onun sol aşıq-baldır oynağı nahiyəsində ağır xəsarətə səbəb olub və həmin nahiyə amputasiya edilib.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Müharibənin başa çatmasından və ərazilərin işğaldan azad edilməsindən illər keçməsinə baxmayaraq, həmin torpaqlarda minaların və digər partlayıcı qurğuların mövcudluğu insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmaqda davam edir.

Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə işləri aparılır. ANAMA əməkdaşları ilə yanaşı, digər qurumların mütəxəssisləri də ərazilərin mina və partlayıcı sursatlardan təmizlənməsi prosesinə cəlb olunurlar. Lakin minaların yerləşdirildiyi ərazilər barədə məlumatların tam və dəqiq olmaması bu işlərin daha ehtiyatlı və uzunmüddətli şəkildə həyata keçirilməsini zəruri edir.

Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin dəqiqliyi ilə bağlı ciddi problemlər mövcuddur. Bu isə azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, əhalinin təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıdışını və ərazilərin tam istifadəyə verilməsini də çətinləşdirir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycan ərazisinə nə qədər mina basdırdığının göstəricisidir:

"Savaşdan 6 il keçməsinə baxmayaraq, hələ də mina müharibəsinin davam etdiyini görürük. Bu, Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycan ərazisinə nə qədər mina basdırdığının göstəricisidir. Bu müharibə qanunlara və beynəlxalq hüquqa ziddir.

Amma məsələnin ən pis tərəfi odur ki, bu gün Azərbaycan və Ermənistan arasında gündəmdə sülh olsa da, biz hələ də mina xəritələrini Ermənistandan əldə edə bilməmişik. Bu, mina təmizləyənlərin işini çətinləşdirir və Azərbaycan dövlət büdcəsinə böyük maliyyə hesabına başa gəlir. Çünki hər kvadratmetr ərazinin minadan təmizlənməsi xeyli miqdarda maliyyə hesabına başa gəlir”.

Parlamentari qeyd edib ki, mina təmizləyənlər və mülki əhali mina təhdidi ilə üz-üzə qalmaqdadır:

"Mina təmizləyənlər və mülki əhali mina təhdidi ilə üz-üzə qalmaqdadır. Bütün bunlar Ermənistanın müharibə qaydalarını pozması ilə əlaqədardır. Hazırkı vəziyyətdə minaların təmizlənmə tempinə baxsaq, görəcəyik ki, fədakar və qəhrəman minatəmizləmə əməkdaşları bu işin öhdəsindən layiqincə gəlirlər. Azərbaycan öz gücü və qüdrəti ilə yurdumuzun hər qarışını əhalisi üçün təhlükəsiz edəcəkdir”.

Hərbi ekspert Ədələt Verdiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi qeyri-qənaətbəxşdir:

"Müharibənin başa çatmasından 6 il keçməsinə baxmayaraq, bu günə qədər Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etmir. 2008-ci ildən sonra bütün dünyada ərazilərin xəritələrinin hazırlanmasında GPS sistemlərindən aktiv şəkildə istifadə olunub. Amma Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi qeyri-qənaətbəxşdir. Xəritələrin böyük hissəsi qeyri-dəqiqdir. Onların dəqiqlik faizi mütəxəssislər tərəfindən 25 faizə qədər qiymətləndirilib. Bu isə minatəmizləmə ilə məşğul olan heyətin həyat və sağlamlığı üçün çox böyük risklər yaradır”.

"Ermənistanın Azərbaycana qarşı terroru hələ də davam edir. Bu mina terroru Azərbaycan ərazilərinin təmizlənməsinə və əhalimizin doğma yurduna qayıtmasına böyük maneələr yaradır”,-deyə ekspert qeyd edib.

Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc edilib.

Şahanə Ziyad


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью