Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdam rayonunun Baharlı qəsəbəsində mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə sessiyası təşkil olunub.
Modern.az xəbər verir ki, "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda keçirilən sessiya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam rayon bölməsinin könüllüləri tərəfindən məcburi köçkünlərin yığcam şəkildə müvəqqəti məskunlaşdıqları ərazilərdə "qapı-qapı" formatında həyata keçirilib.
Tədbirin məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığı artırmaq, təhlükəsiz davranış vərdişlərini təşviq etmək və mümkün risklərin qarşısının alınmasına töhfə vermək olub.
Sessiya zamanı könüllülər yaşayış evlərini ziyarət edərək mina və PHS-lərin yaratdığı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mənası, eləcə də belə hallarla qarşılaşdıqda əməl edilməli davranış qaydaları barədə sakinlərə ətraflı məlumat veriblər.
Bununla yanaşı, vətəndaşlara müraciət edə biləcəkləri aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə məlumat təqdim olunub, maarifləndirici broşürlər paylanılıb və onların sualları cavablandırılıb.
Sakinlər bu cür maarifləndirmə tədbirlərinin təhlükəsizlik sahəsində biliklərinin artırılmasına mühüm töhfə verdiyini bildirərək təşəbbüsü yüksək qiymətləndiriblər.
Qeyd edək ki, maarifləndirmə sessiyası Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığı çərçivəsində təşkil olunub.