Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının Vətən müharibəsində və lokal antiterror əməliyyatında qazandığı tarixi Qələbələrdən sonra qarşıda duran en mühüm strateji vəzifə işğaldan azad edilmiş ərazilərin minadır: minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsidir.
Ermənistanın 30 ilə yaxın işğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazisində məqsədyönlü şəkildə basdırdığı 1.5 milyondan çox mina, dinc sakinlərin həyatına təhlükə yaratmaqla yanaşı, regionda həyata keçirilən nəhəng infrastruktura layihələrinin və "Böyük Qayıdış" proqramının icrasına əsas maneədir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı quruculuq və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışı bu gün dövlətimizin ən ali strateji məqsədlərindən birini təşkil edir. Lakin otuz ilə yaxın davam edən işğal dövründə bu torpaqların sistemli və məqsədyönlü şəkildə yüz minlərlə mina və partlamamış sursatla çirkləndirilməsi bərpa prosesinin qarşısında ən ciddi maneə kimi qalmaqdadır. Qarşıda duran bu mürəkkəb problemi aradan qaldırmaq təkcə humanitar bir vəzifə deyil, bütövlükdə genişmiqyaslı, dərin bilik və dəqiqlik tələb edən mühəndis-istehkam və təhlükəsizlik əməliyyatıdır. Təhlükəsizlik baxımından əsas fəlsəfə tək bir prinsipə söykənir: bu sahədə heç bir xəta payı yoxdur və sıfır risk qaydası bütün fəaliyyətin əsasını təşkil etməlidir.
Regionda aparılan təmizləmə əməliyyatlarının mürəkkəbliyi ərazinin spesifik xüsusiyyətlərindən qaynaqlanır. Dağlıq və çətin relyef, sıx meşəliklər, illərlə möhkəmləndirilmiş müdafiə sədləri və dəqiq mina xəritələrinin olmaması prosesin hər anında yüksək peşəkarlıq tələb edir. Bundan əlavə, tələ xarakterli, qarışıq basdırılmış və metal tərkibi minimum olan minaların mövcudluğu klassik axtarış üsullarını kifayət qədər çətinləşdirir. Məhz buna görə sahədə tək bir metoda arxalanmaq mümkün deyil. Ərazidə çoxpilləli təhlükəsizlik sistemi tətbiq olunur; bir tərəfdən canlı qüvvənin riskini azaltmaq məqsədilə məsafədən idarə edilən zirehli mexaniki təmizləmə maşınları və robot qurğular ön cəbhəyə verilir, digər tərəfdən isə xüsusi təlim görmüş mina axtaran itlər və havadan koordinatları müəyyən edən pilotsuz uçuş aparatları ilə kəşfiyyat aparılır. İnsan amili isə yalnız bu texniki vasitələrin yoxlamasından sonra, ən yüksək mühafizə dərəcəsinə malik zirehli fərdi qoruyucu vasitələrlə və ən həssas axtarış cihazları ilə təmin olunmuş şəkildə prosesə cəlb edilir.
Təmizlənmə əməliyyatının başa çatması torpağın dərhal istifadəyə verilməsi anlamına gəlmir. Təhlükəsizliyin təsdiqlənməsi zəncirvari və çoxtərəfli nəzarət mərhələlərindən ibarətdir. Sahədə görülən hər bir iş müstəqil monitorinq qrupları tərəfindən təkrar yoxlanılır, torpağın dərinliyi, sıxlığı və metallardan təmizlənmə dərəcəsi ciddi sınaqlardan keçirilir. Yalnız bu hərtərəfli yoxlamalardan sonra əraziyə rəsmi təhlükəsizlik sənədi verilir və sahə aidiyyəti üzrə təhvil alınır. Magistral yolların, dəmir yolu xətlərinin, yüksək gərginlikli elektrik ötürücülərinin, su kəmərlərinin inşası və yaşayış massivlərinin salınması zamanı xüsusi təhlükəsizlik perimetrləri qurulur. Həmin zolaqlar aydın görünən xəbərdaredici nişanlar və sədlərlə əhatələnir, inşaatda çalışan hər bir mühəndis və işçi üçün hərəkət marşrutları və təhlükəsizlik təlimatları qabaqcadan dəqiqliklə müəyyən olunur.
Bununla yanaşı, təhlükəsizliyin dayanıqlı olması yalnız mühəndislərin gördüyü işlə məhdudlaşmır; bu, həm də cəmiyyətin təhlükəsizlik şüuru və davranış mədəniyyəti ilə birbaşa bağlıdır. Bölgəyə qayıdan sakinlərin, orada xidmət göstərən mülki şəxslərin və çalışan heyətin mütəmadi şəkildə partlayıcı təhlükələrə qarşı maarifləndirilməsi, təlimatlandırılması həyati əhəmiyyət daşıyır. İnsanların naməlum cığırlara girməməsi, şübhəli əşyalara toxunmaması və müəyyən edilmiş təhlükəsizlik qaydalarına qeyd-şərtsiz riayət etməsi atılan bütün praktiki addımların effektivliyini tamamlayır.
Qarabağ və Şərqi Zəngəzurun addım-addım təhlükəsiz məkana çevrilməsi dövlətin güclü texniki təminatının, istehkamçıların fədakar zəhmətinin və vətəndaş məsuliyyətinin vəhdətidir. Bu gün torpağa qoyulan hər bir təhlükəsiz addım sabah həmin ərazilərdə ucalacaq şəhərlərin, kəndlərin və dinc həyatın sarsılmaz təməlidir.
Orxan Musayev
Təhlükəsizlik eksperti