Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sabah”ın akademiyasının koordinatoru Giorgi Minaşvili “Futbolpress.az“a açıqlama verdi.
Mütəxəssis akademiyadakı mövcud durumdan danışdı:
“Akademiyamızın inkişafından razıyam. Biz məşqçilik metodologiyamızın təkmilləşdirilməsinə və akademiyanın ümumi strukturunun inkişafına xüsusi diqqət yetirərək sistemli şəkildə çalışırıq. Klub rəhbərliyinin tam dəstəyini hiss edirik. Bu da bizə yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərmək üçün lazımi şərait yaradır.
Bildiyiniz kimi, akademiyanın inkişafı uzunmüddətli layihədir. Məqsədlərimizə çatmaq üçün vaxt, səbir və ardıcıl çalışmağın vacibliyini anlayırıq. Buna görə də addım-addım irəliləyir, əldə etdiyimiz nəticələri diqqətlə izləyir və qiymətləndiririk”.
Gürcüstanlı mütəxəssis AFFA-nın bayrağı altında keçirilən yarışların səviyyəsinə toxundu:
“İlk növbədə hesab edirəm ki, Futbol Federasiyası aşağı yaş qrupları üzrə yarışların təşkili və təkmilləşdirilməsi istiqamətində ciddi səylər göstərir. Çempionatları daha yaxşı və rəqabətli etmək üçün daim yeni ideyalar və yollar axtarılır. Mən bunu yüksək qiymətləndirirəm.
Akademiya direktorları və koordinatorları ilə mütəmadi görüşlərin keçirilməsi, gənc futbolçuların inkişafı və akademiya sisteminin birlikdə necə təkmilləşdirilə biləcəyinin müzakirə olunması təşəbbüsünü də müsbət qarşılayıram.
Çempionatlara gəlincə, problemlərə və çatışmazlıqlara diqqət yetirməkdənsə, nələrin yaxşılaşdırıla biləcəyi barədə danışmağa üstünlük verərdim”.
Minaşvili Azərbaycan futbolunda akademiyaların inkişafı üçün görülməli işlərlə bağlı fikirlərini bildirdi:
“Məncə, ən vacib addımlardan biri akademiyaları səviyyələrinə görə təsnifləşdirmək və eyni gücə malik komandalar arasında yarışlar təşkil etmək olardı.
Bu, rəqabəti artırar və gənc futbolçulara daha çətin, eyni zamanda rəqabətli oyunlarda iştirak etmək üçün əlavə imkanlar yaradar.
Hesab edirəm ki, komandaların sayının az, lakin oyunların keyfiyyətinin və rəqabətliliyinin yüksək olması gənc futbolçuların inkişafı baxımından daha faydalı olardı”.
Şahin Cəfərov