Mineral sərvətlərdən yüksək əlavə dəyərə

23.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşıdakı inkişaf mərhələsində qeyri-neft sektorunun genişləndirilməsi, sənaye istehsalının şaxələndirilməsi və təbii ehtiyatlardan daha səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair hazırlanan yeni Dövlət Proqramı ölkənin sənaye siyasətində mühüm hadisədir.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bu istiqamətdə qarşıda duran vəzifələr ətraflı müzakirə edildi. Dövlətimizin başçısının çıxışında proqramın mahiyyəti, icra müddəti, iqtisadi və regional inkişaf baxımından gözləntilər aydın şəkildə ifadə olundu.

Əslində, yeni proqramı təkcə ayrı-ayrı yataqların istismarı və ya metallurgiya müəssisələrinin istehsal gücünün artırılması kimi qiymətləndirmək düzgün olmazdı. Söhbət daha geniş sənaye siyasətindən – mineral xammalın hasilatından başlayaraq onun ölkə daxilində emalına, daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına və dünya bazarlarına çıxarılmasına qədər uzanan bütöv bir dəyər zəncirinin formalaşdırılmasından gedir.

                 Məqsəd daha çox hasilat deyil, daha çox dəyər yaratmaqdır

Dövlət Proqramının müzakirəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov məsələnin əsas fəlsəfəsini konkret şəkildə ifadə edərək bildirib ki, burada məqsəd sadəcə daha çox xammal hasil etmək deyil, bu məhsulun ölkə daxilində daha çox emal prosesini həyata keçirmək və daha yüksək əlavə dəyər yaratmaqdır.

Bu yanaşma müasir sənaye siyasətinin mühüm prinsiplərindən biri hesab olunur. Çünki filizin və ya digər mineral xammalın ilkin formada satılması ilə onun emal edilərək metal, yarımfabrikat və hazır sənaye məhsuluna çevrilməsi arasında yaradılan iqtisadi dəyər baxımından ciddi fərq var.

Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır. Ölkənin zəngin mineral ehtiyatları, enerji imkanları, formalaşmış sənaye infrastrukturu və əlverişli coğrafi mövqeyi xammal bazasının daha yüksək səviyyədə iqtisadi dövriyyəyə cəlb olunmasına imkan verir.

Dövlətimizin başçısının “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”  1 aprel 2026-cı il tarixli sərəncamında da bu sahənin tərəqqisi iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixrac strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyətli istiqamət kimi yüksək qiymətləndirilib. Deməli, sözügedən  yeni Dövlət Proqramı ilə 1 aprel 2026-cı il tarixli adı çəkilən sərəncamla müəyyənləşdirilən strateji istiqamətlərin konkret layihələr və ölçülə bilən hədəflər üzrə növbəti mərhələyə keçirilməsi gerçəkləşdirilib.

Dövlət Proqramının qarşıya qoyduğu göstəricilər də bu sahəyə verilən strateji əhəmiyyətin miqyasını göstərir. Belə ki, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu məqsədlərə nail olmaq üçün 2027–2030-cu illərdə, ümumilikdə, 5,3 milyard manat investisiya yatırılması planlaşdırılır.

Bu göstəricilər iki mühüm məqamı ortaya qoyur. Birincisi, qarşıdakı 4 il ərzində sektorun iqtisadi çəkisinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. İkincisi, metallurgiya və dağ-mədən sənayesi təkcə daxili sənaye tələbatının ödənilməsi vasitəsi kimi deyil, həm də qeyri-neft ixracının genişləndirilməsinin əsas istiqamətlərindən biri kimi nəzərdən keçirilir. 

Onu da deyək ki, 5,3 milyard manatlıq investisiya ehtiyacının maliyyələşdirilməsi, öz növbəsində, yeni yanaşmanın strateji əhəmiyyəti kimi qiymətləndirilir. Müzakirələrdə vurğulandığı kimi, bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl vəsait hesabına formalaşması nəzərdə tutulur. Beləliklə, ümumi investisiyanın, təxminən, 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi planlaşdırılır. Bu, dövlətin sənaye siyasətində təkcə büdcə vəsaitlərinin deyil, eyni zamanda, dövlət müəssisələrinin və özəl sektorun maliyyə imkanlarının da səfərbər edilməsinə xüsusi önəm verilməsi kimi vurğulanır. 

Proqramda dəmir filizi və qara metallurgiyanın inkişafı da əsas istiqamətlər sırasında yer alır. “Daşkəsən” layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyan məsələ kimi dəyərləndirilir. Burada illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücünün yaradılması nəzərdə tutulur. Onun, təxminən, 1,7 milyon tonunun ixrac potensialı formalaşdıracağı bildirilir. Bu layihənin əhəmiyyəti təkcə istehsal göstəriciləri ilə məhdudlaşdırılmır. Mütəxəssislər bildirirlər ki, dəmir filizinin emalının ölkə daxilində dərinləşdirilməsi respublikada qara metallurgiyanın yeni istehsal mərhələsinə keçməsinə imkan verə bilər.

İqtisadçı-ekspert Qulu Əmiraslanovun sözlərinə görə, dünya sənayesində dəmir və polad maşınqayırma tikinti, nəqliyyat, enerji, müdafiə sənayesi və digər çoxsaylı sahələrin əsas xammal bazalarından biridir. Bu baxımdan yerli dəmir filizi ehtiyatlarının daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi sənaye siyasətinin digər istiqamətlərinə də müsbət təsir göstərir. Belə bir istehsal zəncirinin formalaşması isə həm xammal bazasının, həm də sonrakı emal mərhələlərinin inkişafına stimul yaradır. Başqa sözlə, söhbət təkcə filizin çıxarılmasından deyil, eyni zamanda, həmin filizin ölkənin sənaye potensialını genişləndirən məhsula çevrilməsindən gedir.                      

                               Qarabağda yeni iqtisadi xəritə

Dağ-mədən sənayesinin digər mühüm istiqaməti əlvan metallardır. Bu baxımdan Dövlət Proqramında  mis, sink, qurğuşun, qızıl və alüminium üzrə istehsal, eləcə də emal imkanlarının genişləndirilməsi böyük əhəmiyyətə malikdir.  

Azərbaycanda artıq qızıl, gümüş, mis və alüminium istehsalı sahəsində müəyyən sənaye bazası formalaşdırılıb. Dövlət başçısının “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”  1 aprel 2026-cı il tarixli sərəncamında da ötən illərdə bu sahələrdə sənaye istehsalının əsaslarının yaradıldığı və metal filizi ehtiyatlarının bir hissəsinin sənaye istifadəsinə yönəldildiyi qeyd olunub. Yeni mərhələdə isə mövcud imkanların sistemləşdirilməsi və daha geniş dəyər zəncirinin yaradılması qarşıya yeni vəzifə kimi qoyulub. 

Bu baxımdan “Filizçay” polimetal yatağının perspektivləri yüksək dəyərləndirilir. Burada mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, “Dəmirli” yatağında əlavə mis ehtiyatlarının istifadəsi imkanlarına baxılacağı nəzərdə tutulur.    Eyni zamanda, həmin yataq üzrə, təxminən, 470 min ton əlavə mis ehtiyatının istifadə potensialının araşdırılacağı bildirilir. Bu yataqların mərhələli şəkildə iqtisadi dövriyyəyə daxil edilməsi Azərbaycan üçün yeni ixrac məhsullarının meydana çıxmasına, mövcud sənaye zəncirlərinin genişlənməsinə və metallurgiya ilə əlaqəli sahələrin inkişafına zəmin yarada bilər.

Metallurgiyanın inkişafında alüminium ayrıca istiqamət kimi diqqət çəkir. Cari il aprelin 1-də imzalanan sözügedən  sərəncamda “Azəralüminium”un istehsal gücünün “xammal-emal-son məhsul” prinsipi əsasında artırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Sənəddə elektroliz zavodunun tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 min tona, alüminium yayma məhsullarının istehsal gücünün isə 50 min tona çatdırılması nəzərdə tutulub. Eyni zamanda, kalsinasiya və anodbişirmə zavodunun tikintisi ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Bu yanaşma sənaye siyasətinin mahiyyətini – xammal ixracından daha çox emal edilmiş məhsulun ixracına keçid prinsipini  aydın göstərir. Alüminiumun avtomobil sənayesindən tikintiyə, aviasiyadan qablaşdırmaya, elektrik və energetikadan maşınqayırmaya qədər geniş istifadə sahələrinin olması bu istiqamətdə yaradılan yeni imkanların uzunmüddətli iqtisadi səmərəsini artıra bilər. 

Müzakirə zamanı  “Zəylik” alunit yataqlarının alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılmasında istifadəsi imkanlarının perspektivdə qiymətləndiriləcəyi də bildirilib. Bundan əlavə, illik, təxminən, 200 min ton gücündə yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanının araşdırıldığı qeyd olunub. Beləliklə, alüminium istiqamətində qarşıya qoyulan hədəflərlə onun hasilatının artırılması, eləcə də ölkə daxilində emalının dərinləşdirilməsi nəzərdə tutulub. 

Dövlət Proqramının diqqətçəkən istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsidir. Bu məsələ azad edilmiş ərazilərin iqtisadi potensialının üzə çıxarılması və Böyük Qayıdış prosesinin iqtisadi dayaqlarının möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.

İşğalçıdan təmizlənən ərazilərdə perspektivli yataqların istismara verilməsi ilə artıq yeni sənaye imkanlarının formalaşmasına başlanıb. Dövlət  başçısının yuxarıda adı çəkilən sərəncamında da bu torpaqlarda  perspektivli yataqların istifadəyə verilməsinin dağ-mədən sənayesinin istehsal və ixrac imkanlarını genişləndirdiyi vurğulanıb. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, mədən sənayesinin inkişafı həmin ərazilərdə yalnız bir istehsal müəssisəsinin yaradılması demək deyil. Eyni zamanda, mədən müəssisəsinin ətrafında nəqliyyat, logistika, enerji təminatı, tikinti, podrat, ictimai iaşə və digər xidmət sahələrinin inkişafı üçün yeni imkanlar meydana çıxır. Bu isə regionların iqtisadi fəallığının yüksəldilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm amildir.

Vaqif BAYRAMOV
XQ

Ekspert rəyi 

Ayxan QƏDƏŞOV,  
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə respublikanın  qeyri-neft sektorunda yeni istehsal imkanlarının formalaşdırılması baxımından mühüm istiqamətlər müəyyənləşdirilib. Dövlət Proqramının əsas hədəfi təkcə faydalı qazıntıların hasilatının artırılması deyil, həm də xammalın ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi və bütöv istehsal zəncirinin formalaşdırılmasıdır.

Dünyada texnoloji inkişafın sürətləndiyi bir dövrdə Azərbaycanın öz mineral xammal bazasını qlobal iqtisadiyyatın tələblərinə uyğunlaşdırması qeyri-neft ixracı üçün əvəzsiz imkanlar açır. Mövcud iqtisadi reallıqlar sənaye zəncirinin tam qapalı dövrədə – hasilatdan başlayaraq dərin emala və nəhayət, son məhsul istehsalına qədər ölkə daxilində qurulmasını tələb edir. Dövlət Proqramının əsas fəlsəfəsi də məhz bu iqtisadi hədəfə – emal müəssisələri vasitəsilə yüksək əlavə dəyərli sənaye məhsulları yaradaraq qlobal bazarlara daha geniş çıxış əldə etmək prinsipinə  əsaslanır. Bu yolla “Made in Azerbaijan” brendinin beynəlxalq metallurgiya bazarında rəqabət gücünün artırılması şərtlənir.  

Sənəddə müəyyənləşdirilən hədəflər, xüsusən də 2030-cu ilədək sektorun illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata (2,6 dəfə) çatdırılması ölkənin xarici ticarət balansına güclü təsir göstərəcək. Bu hədəfə çatmaq üçün atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət sektorunu təmsil edən “AzerGold” QSC-nin artan ixrac göstəriciləri, xüsusən də cari ilin 8 ayı ərzində 180 milyon ABŞ dollarından artıq ixrac reallaşdırması sahənin zəngin potensialını nümayiş etdirir. 

Gələcəkdə “Daşkəsən” dəmir filizi yatağı bazasında 2 milyon ton istehsal gücünə malik isti briketləşdirilmiş dəmir zavodunun qurulması, Avropada ən perspektivli yataqlardan sayılan “Filizçay”da mis, sink və qurğuşun resurslarının istismarı, o cümlədən Naxçıvan və Qarabağ zonasında yeni geoloji kəşfiyyat işləri bu rəqəmləri dəfələrlə artıracaq.

Proqramın ölkəmizə gətirəcəyi strateji dividentlərə gəldikdə isə qeyd edim ki, dərin emal sənayesinin qurulması Azərbaycanı dünya bazarında xammal ölkəsi statusundan çıxararaq qlobal təchizat zəncirində, xüsusən avtomobilqayırma və bərpaolunan enerji sektorlarında etibarlı “B2B” tərəfdaşına çevirəcək. Məhsullarımızın müasir standartlarla daxildə emalı beynəlxalq “ISO” və sənaye sertifikatlarının alınmasını gerçəkləşdirərək, Qərb sənaye klasterlərinə birbaşa nüfuz etməyiə imkan verəcək. Ən vacib məqamlardan biri isə “yaşıl” metallurgiya  trendidir. 

Azad edilmiş ərazilərdə və Naxçıvanda formalaşdırılan “yaşıl” enerjinin metallurgiyaya tətbiqi ilə karbon ayaq izi aşağı olan “yaşıl” metallar  istehsal olunacaq ki, bu da Avropanın Sərhəddə Karbon Tənzimlənməsi Mexanizminə   tam uyğun olaraq ixrac rəqabətliliyini yüksək səviyyəyə qaldıracaq. Yekun etibarilə, həm istehsal həcmlərinin dəfələrlə artması, həm də beynəlxalq standartlaşma Azərbaycan məhsullarının London Metal Birjası kimi qlobal əmtəə birjalarında və “B2B” elektron ticarət platformalarında rəqəmsal yollarla reallaşmasına əsaslı zəmin yaradacaq.

Müşavirədə qeyd olunan investisiya siyasəti ilə bağlı isə onu deyim ki, layihələrin icrası üçün nəzərdə tutulan 5,3 milyard manatlıq investisiyanın 80 faizinin özəl və borc kapitalı hesabına cəlb edilməsi ölkədəki cəlbedici yatırım mühitinin göstəricisidir. Bu strateji yanaşma həm yerli, həm də xarici investorların Azərbaycan iqtisadiyyatına fəal inteqrasiyasını təmin edərək yeni maliyyə axınları formalaşdırır.

Proqramın iqtisadi miqyası qədər sosial və regional əhəmiyyəti də dərindir. Sektorda 5 mindən çox daimi iş yerinin yaradılması ölkədə məşğulluğun davamlı artımına, xüsusən də azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinə əlavə təkan verəcək. Digər tərəfdən, metallurgiya sənayesinin inkişafı aqrar sektor və inşaat kimi sahələrdə müsbət zəncirvari reaksiya yaradaraq avadanlıq, texnika və metal konstruksiyaların yerli istehsalını stimullaşdıracaq.

Beləliklə, son illərdə uğurla formalaşdırılmış güclü elektrik enerjisi və qaz infrastrukturu Azərbaycana belə böyük və enerjitutumlu sənaye layihələrini sərbəst şəkildə icra etmək imkanı verir. Ümumilikdə, 2027–2030-cu illəri əhatə edən bu Dövlət Proqramı ölkəmizin  uzunmüddətli sənaye təhlükəsizliyini gerçəkləşdirən, qeyri-neft sənayesini qlobal ticarətin mərkəzinə daşıyan və Azərbaycanın regionda sənaye qovşağı kimi mövqeyini sarsılmaz edən fundamental bir addımdır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью