“Mingəçevir işıqları”nın işıqlı redaktoru

10.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı Fidail Abdullayev yazırdı: "Doğrudan da, həyatla erkən vidalaşan, vaxtsız itirdiyimiz adamlar haqqında, böyük istedadlar barəsində yada düşən xatirələr məhz belələrinin ömürlərinin davamına çevrilir".

Yəqin ki, babam bu fəlsəfəni həyatının  əsas qayəsi saymışdı. Axı insan yaddaşlarda qaldığı qədər yaşayır. Kimsə onu xatırlayanda, adını sayğı ilə ananda, yolunu özünə örnək sayanda əbədiyaşar olur.

Bu gün onun 95 illik yubileyidir. Onun nəvəsi, mənim dayım Rəşad İsmayıl bizi hər il babamın məzarını ziyarət etməyə aparır. Bu il də məzarının başında dayananda gözüm tarixə sataşdı. DüŞündüm ki, mütləq xatirəsinə yazı yazmalıyam.  

Mən onu görməmişəm. Amma illər keçməsinə baxmayaraq, adı həmişə hörmətlə çəkilir. Yaxınların, dost-tanışın dilində o, hər zaman dar gündə köməyə çatan, xeyirxahlığı ilə  xatırlanan insandır. 

Fidail Abdullayev 1931-ci il oktyabrın 10-da Samux rayonunun Aşağı Qarasaqqal kəndində dünyaya göz açıb. Hələ 16 yaşında zəhmətin ağırlığını çiyninə götürüb, işləməyə başlayıb. Elə bil taleyi ona erkən pıçıldayıb ki, sənin yolun qələmlə, sözlə keçəcək. Əvvəlcə Samux qəzetində müxbir, məsul katib, olub, sonra Xaldanda nəşr olunan qəzetə rəhbərlik edib. Amma onun ömür yolu Mingəçevirlə bağlanıb.

"Mingəçevir işçisi"ndə, daha sonra isə "Mingəçevir işıqları" və "Azərbaycan işıqları" qəzetlərinin  baş redaktoru kimi çalışdığı uzun illər ərzində o, dövrün sərt tələblərinə baxmayaraq, milli ruhun, ana dilinin,  adət-ənənələrin yaşadılması uğrunda yorulmadan mübarizə aparan, təəssübkeşliyi ilə seçilən ziyalı idi. 

Qızı Tahirə xanım xatırlayır ki, atası əsl türk sevdalısı olub. Sovet hakimiyyəti dövründə Türkiyəyə gedib-gəlmək çox çətin idi. 1984-cü ildə Fidail müəllim bir qrup ziyalı yoldaşı ilə birlikdə qardaş ölkəyə səfər edir. Oradan elə  ülvi duyğularla qayıdır ki, gördüklərini, duyduqlarını qəlbində saxlaya bilmir. Qəzetdə “Nə xoşbəxtdir türkəm deyən” başlıqlı silsilə yazılar dərc etməyə başlayır. Həmin səfərin xatirələrini kitaba çevirmək, gələcək nəsillərə əmanət etmək istəyir, lakin o dövrün sərt qanunları bu gözəl arzusunu reallaşdırmağa imkan vermir. 

Fidail müəllimin musiqiyə olan sevgisini də hər kəs bilirdi. Peşəkar musiqi təhsili olmasa da, piano, tar və qarmon alətlərində gözəl ifa edərdi.  “Segah-zabul”u və “Rast”ı xüsusi sevərdi. Bəzən el şənliklərində könlünə düşəndə özü də zümzümə edər, mahnıların hamısını məhz “Rast” kökündə oxuyardı. Sevgisi o qədər böyük idi ki, bütün övladlarını kiçik yaşdan musiqi  məktəbinə yazdırmışdı. 

Bir zamanlar onunla yanaşı binalarda çalışan, müxtəlif el məclislərində tez-tez  qarşılaşan Ramiz Göyüşov söhbətimiz zamandı söylədi ki, o illərin Mingəçeviri başqa aləm idi. Rəngarəng, kosmopolit, müxtəlif millətlərin bir arada yaşadığı bu şəhərdə əhalinin təxminən 10 faizini ruslar, bir o qədərini də ermənilər təşkil edirdi. Həmin dövrdə rəsmi yazışmalar, məruzələr, sənədlər əsasən rus dilində aparılırdı. Şəhərdə Azərbaycan dilində, o vaxtkı kiril əlifbası ilə cəmi iki yerdə qəzet çap olunurdu. Biri elə Fidail müəllimin rəhbərlik etdiyi qəzet- “Mingəçevir işıqları”, o biri də şəhərin Yaşıllaşdırma və Təmizlik İdarəsinin qəzeti idi. Belə bir mühitdə el adətlərinin yaşadılması, Novruzun hər çətinliyə baxmayaraq qeyd olunması üçün o, əsl təbliğatçı kimi çalışırdı.

“Mingəçevir işıqları” qəzetinin keçmiş əməkdaşı Faiq İsmayılov xatirələrində yazır ki, o zamankı rayon və şəhər qəzetləri arasında ən çox tirajı qəzetin əməkdaşları daim yaradıcılıq axtarışlarına çıxır, oxucunun zövqünü oxşayan yazılar hazırlayırdılar. Fidail müəllim qəzetin səhifələrini zəngin bəzədilmiş, üzərinə min cür nemət düzülmüş süfrəyə bənzədərdi. Deyərdi: “Qəzet də gərək belə ləzzətlə oxunsun, rəngarənglik gözlənilsin”.  

1984-cü il yanvarın 3-də şəhər xalq məhkəməsinin məhkəmə icraçısı Ramiz Əliyevlə birgə hazırladığım "Bala baldan şirin olsaydı..." məqaləsində Mingəçevirdə balalarını atan iki ananın əməllərindən bəhs edilirdi. Redaktor günahkar anaların adlarını dəyişdirməyi məsləhət gördü. O deyirdi ki, həyatda elə hadisələr var ki, onu olduğu kimi yazmaq olmaz. Kim bilir, bəlkə atılmış balalar gələcəkdə cəmiyyətdə yararlı mövqe tutacaqlar. Onda ana hərəkəti onlar üçün baş qaxıncına çevrilməsin. 

Şəhər teatrının ədəbi hissə müdiri Oqtay Ömərov hər dəfə tamaşadan sonra redaksiyaya bir xəbər gətirərdi. Oqtay müəllim hər dəfə tamaşanın uğurlu keçdiyini yazmaqla bərabər, həmin səhnə əsərinin sayca neçənci dəfə oynanıldığını da mütləq qeyd edərdi. Bir dəfə də “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası haqqında növbəti belə bir xəbər gətirmişdi. Fidail müəllim yazını əlüstü qəzet üçün hazırladı və öz işindən məmnun halda makina otağındakılara baxaraq gülümsündü. Səhəri gün qəzetdə teatrdan belə bir xəbər getmişdi: “306 dəfə yağışdan çıxdıq, yağmura düşdük”. 

Fidail müəllim həmişə deyərdi ki, jurnalist vəziyyətdən çıxmağı bacarmalıdır. Üz tutduğu obyektdən nə yazacağını, necə yazacağını özü müəyyənləşdirməlidir. Tənqid yazmağa getdiyin yerdən tərifli yazı ilə də qayıda bilərsən və ya əks vəziyyətə də düşə bilərsən.  

Elə bil vərdiş etmişdik – ölkənin ən populyar gündəlik “Zaman” xəbərlər proqramı qurtarmamış, mühüm olayları eşitməmiş Fidail müəllim qəzetin çapına qol çəkməzdi. Arada özünəməxsus zərb-məsələ çevrilmiş ifadələrlə könlümüzü alar, bir əhvalat, ya da qəzetlə bağlı gülməli hadisə danışardı.

Bir dəfə də üzünü mənə tutub soruşdu:

– Filan yeməkxananın müdirəsini tanıyırdınmı?

Yox işarəsini görcək özü başladı:

– Əməkdaşlar onun yeməkxanasındakı nöqsanlarla bağlı felyeton hazırlamışdılar və qəzetdə çap olunan gün müdirə bundan xəbər tutub. Redaksiyaya gələrkən mətbəədən götürdüyüm bir nüsxə qəzetlə kabinetə təzəcə 

Deyir işçilərin məndən yazıblar. Sən canın o qəzeti cır, at!

Mən də dedim ki, baş üstə! Başladım qəzetin yeni nömrəsini oxumağa. Bir orfoqrafik səhv qalmışdı. Mətbəəyə zəng vurdum ki, o səhvi düzəldəndən sonra redaksiya üçün məcburi nüsxələri götürsünlər. Məndə olan bir nüsxə qəzeti də cırıb atdım. 

Sonralar həmin xanım məndən küsdüyünü, incidiyini bildirəndə and içdim ki, dediyin kimi eləmişəm, qəzeti cırıb atmışam...

Yazıçı-jurnalist Yusif Ələkbərov babam haqqında yazığı “Ömrün davamı” adlı kitabında qeyd edir ki, hələ 1968-ci ilin fevralından Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Fidail müəllim dəfələrlə Mingəçevir Şəhər Xalq Deputatları Sovetinə deputat seçilib, xalqın haqqını, səsini ucaldıb.

Onun jurnalistikadakı zəhməti heç vaxt diqqətdən kənarda qalmayıb. 1975-ci ildə respublika Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatına layiq görülüb. Respublika mətbuatının inkişafındakı xidmətlərinə görə isə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 4 may tarixli Fərmanı ilə o, respublikanın qabaqcıl jurnalistləri sırasında qiymətləndirilib.  Mingəçevirin işıqlı yollarını, quruculuq illərini qələmə alan "Nur şəhəri " kitabı da məhz onun əməyinin yadigarıdır. “Mingəçevir işıqları” qəzetində şəhərdə qazılan qum karxanalarının təbiətə vurdugu zərbələrdən elmi araşdırmalar əsasında  məlumat verib həyacan təbili çalardı. 

Dilindən düşməyən iki misra isə həm də onun həyat fəlsəfəsi idi:

Düşmən bizə neylər
Əgər hər işdə bir olsaq...

Bu sözləri tez-tez təkrarlayan Fidail müəllim hər zaman hamını bir olmağa, ümumi mənafe uğrunda çəkici eyni zindana döyməyə çağırırdı.

Bu gün Mingəçevirdə onun adını daşıyan küçə var. Bir vaxtlar yaşadığı şəhərdə indi onun adı yaşadılır. 

Fidan ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью