Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bu günlərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İcra hakimiyyətinin başçısı İlham İsmayılov toplantını açaraq müzakirə olunacaq məsələlər barədə məlumat verib.
Əvvəlcə “Mingəçevir şəhərində tənha, ahıl və əlil vətəndaşlara göstərilən qulluğun təşkili vəziyyəti barədə Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialının hesabatı” ilə Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialının müdiri Həzrət Orucov çıxış edib. Ötən dövr ərzində tənha, ahıl və əlilliyi olan bir sıra vətəndaşa göstərilən sosial xidmətlərdən bəhs edib. İcra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi Lətif Hüseynov aparılan sorğu və araşdırmalar, qarşıya çıxan nöqsanlar və görüləcək işlər barədə məlumat verib.
Sonra “Gənc nəslin milli və vətənpərvər ruhunda, mənəvi dəyərlər əsasında tərbiyə edilməsi istiqamətində görülən işlərin vəziyyəti haqqında” hesabatla icra hakimiyyəti başçısı aparatının Ərazi - təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Sahib Əliyev çıxış edərək şəhərin təhsil, tərbiyə, mədəniyyət və digər müəssisələrində yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər, azərbaycançılıq, vətənpərvərlik ruhunda böyümələri məqsədilə görülən işlərdən, maarifləndirici tədbirlərin genişlənməsindən bəhs edib.
“Şəhər təsərrüfatının, idarə, müəssisə və təşkilatların 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlığı vəziyyəti haqqında” geniş məruzə ilə isə şəhər icra hakimiyyəti başçısının birinci müavini Məhluqə Cavadova çıxış edib. Şəhərdə fəaliyyət göstərən elektroenergetika, sənaye və kommunal təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və digər qurumlarda qışa hazırlıqla bağlı görülən işlər, nöqsan və çətinliklər, qarşıda duran vəzifələrlə bağlı məlumat verilib. İcra hakimiyyətinin tədbirlər planına əsasən görülən işlərdən də bəhs olunub.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Ramis Hüseynov, Mənzil Kommunal Təsərrüfatı Müəssisəsinin baş mühəndisi Röyal Rəhimov, İşıqlanma İdarəsinin rəisi Azəri İsmayılov, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayev, “Liftlərin Quraşdırılması, Təmiri və Xidməti İdarəsi” MMC-nin rəisi Mehman Əlizadə, Sukanal İdarəsinin rəisi Elmar Əhmədov qışa hazırlıqla əlaqədar görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
İclasda payız-qış mövsümünə hazırlıq məsələlərinə xüsusilə ciddi yanamağı tövsiyə edən icra başçısı İlham İsmayılov bildirib ki, vətəndaşları normal, dayanıqlı və etibarlı qaz, su və işıqla təmin etmək başlıca vəzifələrdəndir. Şəhərin təmizliyinin qorunması, yaşıllıq sahələrinə qulluq, ağaclara aqrotexniki xidmət, çoxmənzilli yaşayış binalarının dam örtüyünün cari təmiri, su novlarının və tüstü bacalarının təmizlənməsi, yollarda və dalanlarda qarşıya çıxan bərbad vəziyyətin aradan qaldırılması kimi işlər vaxtında görülməlidir.
İclasda müzakirə olunan məsələlərlə bağlı qeyd olunan təkliflər də nəzərə alınmaqla qərar layihələri qəbul edilib.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri