Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"Əgər bağçalarda məktəbəhazırlıq yaşında uşaqlar varsa və valideyn tələbatı mövcuddursa, bu qrupların bağlanması həm uşaqların məktəbə hazırlıq prosesinə, həm də illərlə bu sahədə çalışan müəllim və tərbiyəçilərin əmək fəaliyyətinə mənfi təsir göstərə bilər".
Newscenter.az xəbər verir ki, bunları Mingəçevir təhsil ictimaiyyətinin nümayəndəsi Sevinc Məmmədova bağçalardakı məktəbəhazırlıq qruplarının ləğv olunması ilə bağlı məsələyə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, qərarlar yalnız rəsmi normativ-hüquqi sənədlərə əsaslanmalıdır:
"Təklif xarakterli sənədlər hüquqi qüvvəyə malik qərar deyil. Buna görə də hər bir rəhbər təsdiq verməzdən əvvəl uşaqların sayını, valideynlərin istəyini və mövcud qanunvericiliyin tələblərini nəzərə almalıdır. Əgər məktəbəhazırlıq yaşında uşaqlar varsa, "uşaq yoxdur" kimi əsaslandırmalarla qrupların ləğvi nə pedaqoji, nə də sosial baxımdan doğru yanaşma sayıla bilər".
Sevinc Məmmədova qeyd edib ki, uşaqların təhsil hüququnun, müəllimlərin isə əmək hüququnun qorunması hamımızın məsuliyyətidir:
"Bu məsələ ilə bağlı qərar verərkən hər kəsi obyektiv və qanun çərçivəsində mövqe nümayiş etdirməyə çağırıram".
Qeyd edək ki, Mingəcevir şəhər Təhsil Sektorunun müdiri Rüstəm Aslanov şəhər üzrə məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə sənəd göndərərək həmin sənədin təcili olaraq təsdiq olunmasını istəyib. Sənəddə məktəbəhazırlıq qruplarının bağlanması əksini tapıb.
Süleyman