Mingəçevirdə ağaclar susuzluqdan aşır? RƏSMİ CAVAB

19.08.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdə Mingəçevirdə ağacların quruması və külək zamanı aşaraq insanlar üçün ciddi təhlükə yaratması ilə bağlı iddialar səsləndirilir. Sakinlər bəzi ərazilərdə ağacların susuzluqdan quruduğunu və bunun onların aşmasına səbəb olduğunu bildirirlər.

Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayev məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, belə hadisələr təkcə Aran bölgəsinin mərkəzində yerləşən Mingəçevir şəhəri üçün deyil, bütün bölgə üzrə xarakterikdir. 

Onun sözlərinə görə, hətta yaşıl dağların yamaclarında yerləşən qonşu rayonlarda belə ağacların tam və ya qismən vaxtsız saralma, quruma prosesi hər kəsin diqqətini çəkir. Təcrübəli mütəxəssislər özləri də bu qənaətdədir: 

"Mingəçevirdə susuzluq səbəbindən ağaclar məhv olur, küçələrə aşır kimi iddialar isə həqiqəti əks etdirmir. Güclü təbiət hadisəsi baş vermədiyi halda ağacların davamlı şəkildə qırılmasından, parklara və xiyabanlara aşmasından danışmaq yersizdir. Yalnız vegetasiya dövrü başa çatmış və ya anomal hava şəraiti səbəbindən gövdəsi, budaqları və yarpaqları vaxtından əvvəl qurumuş ağacların qəfil qopması və aşması halları müşahidə oluna bilər. 

Əminliklə deyə bilərəm ki, “yaşıllıqlar şəhəri” kimi tanınan Mingəçevirdə belə hallar çox az sayda qeydə alınır. Son bir neçə ay ərzində cəmi 12-15 halda vaxtından əvvəl ağac və ya budaqlarının qoparaq düşməsi hadisəsi baş verib".

T.Abdullayev bildirib ki, bununla yanaşı, ərazilərə mütəmadi baxış keçirilir, tamamilə kəsilməsi və ya budanması zəruri olan ağaclar müəyyən edilir. Bələdiyyənin müraciəti və müvafiq Ekoloji Ekspertiza Komissiyasının rəyi əsasında, əvvəlcədən hazırlanmış sənədlərə uyğun olaraq zəruri ağaclar tamamilə kəsilir və ya budanır: 

"Ağacların suvarılmadığı üçün quruması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara gəlincə, bu fikirlər tamamilə əsassızdır”.

Açıqlamada həmçinin vurğulanır ki, şəhərin yaşıllıq zolaqlarının təxminən 70 faizi fasiləsiz və müəyyən edilmiş qrafik əsasında Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin balansında olan müxtəlif ölçülü suvarma boru xətləri vasitəsilə suvarılır. Bu xətlərin su mənbələri Mingəçevir su anbarı, Kür çayı və Qarabağ kanalıdır. 

Əlavə su təchizatına ehtiyac olan ərazilərdə isə Mingəçevir Su Kanal İdarəsi ilə bağlanmış müqavilə və sayğac sistemi vasitəsilə su təmin edilir. Hazırda şəhərdə idarənin alternativ suvarma xətlərindən əlavə, 12 müqaviləli sayğac xətti fəaliyyət göstərir.  

Suvarma xətlərinin mövcud olmadığı, yaşıllıqların qalan təxminən 30 faiz ərazisi isə müəyyən edilmiş qrafik əsasında xüsusi su maşınları vasitəsilə suvarılır.

Şəhər Su Kanal İdarəsindən mövzu ilə bağlı Bakıvaxtı.az-a verilən açıqlamada da yaşıllıqların su təminatında hər hansı problemin olmadığı bildirilib. Qeyd olunub ki, suvarma ilə bağlı bütün işlər qanunvericiliyə uyğun olaraq müqavilə və sayğac sistemi əsasında həyata keçirilir.

İdarə həmçinin daimi suvarma xətlərinin olmadığı bəzi uzaq ərazilərin suvarılmasında tabeliyində olan su maşınlarından istifadə edildiyini açıqlayıb.

Murad İsmayıl 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью