“Mingəçevir”də maaş problemi: futbolçulara ödəniş ediləcək AÇIQLAMA

18.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mingəçevir” futbol klubunda yaşanan maliyyə problemləri ilə bağlı vəziyyət qismən həllini tapıb.

Bu barədə klubun İdarə Heyətinin sədr müavini Ruslan Həmidov açıqlama verib.

O, komandanın 3-4 gündür məşqləri bərpa etdiyini və futbolçuların Birinci Liqanın səkkizinci turunda “Baku Sportinq”lə keçiriləcək oyuna hazırlaşdıqlarını deyib.

Klub rəsmisi football-plus.az-a açıqlamasında bildirib ki, futbolçuların qidalanması və kirayə evlərdə yerləşdirilməsi ilə bağlı problemlər aradan qaldırılıb. Əməkhaqlarının isə qarşılaşma gününə qədər ödənilməsi nəzərdə tutulur.

Bununla belə, Həmidov maliyyə çətinliklərinin tam aradan qaldırılması istiqamətində hələlik real nəticənin olmadığını, danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, ötən tur “Şahdağ Qusar”la oyuna çıxmayan “Mingəçevir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 3 min manat cərimələnib. Komanda növbəti dəfə oyuna çıxmayacağı təqdirdə yarışdan kənarlaşdırıla bilər.

“Baku Sportinq”lə qarşılaşma noyabrın 19-da Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçiriləcək. Görüş saat 14:30-da başlayacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью