Minilliklərdən gələn şirin ənənə

10.06.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yayın isti günlərində uşağın da, böyüyün də ilk üz tutduğu ləzzətlərdən biri dondurmadır. Bu sadə görünən məhsul artıq çoxdan adi desert olmaq çərçivəsini aşıb. Dünyanın müxtəlif ölkələrində milyonlarla insanın sevimli qidasına çevrilən dondurma əsrlər boyu formalaşan zəngin tarixə və maraqlı inkişaf yoluna malikdir. Təsadüfi deyil ki, hər il iyunun 10-u bir sıra ölkələrdə Dondurma Günü kimi qeyd olunur. Bu tarix ABŞ-da dondurmanın kütləvi satışının başlanğıcı hesab edilən 10 iyun 1786-cı il hadisəsi ilə əlaqələndirilir.

Dondurmanın tarixi isə daha qədim dövrlərə gedib çıxır. Araşdırmalara görə, onun ilkin nümunələri qədim Çində meydana gəlib. İnsanlar qar və buzu meyvə şirələri, süd və müxtəlif təbii əlavələrlə qarışdıraraq sərinləşdirici qidalar hazırlayırdılar. Sonralar bu ənənə Şərqdən Qərbə yayılaraq yeni forma və məzmun qazanıb.

Orta əsrlərdə Avropada dondurma reseptləri daha da təkmilləşdirildi və dondurulmuş südün istifadəsi resepti ilk dəfə İtaliyada ortaya çıxdı. Fransaya isə resept XVI əsrdə gəldi, lakin XVIII əsrdən başlayaraq süddən klassik dondurma hazırlanmağa başlanıldı. Süd, qaymaq və şəkər əsasında hazırlanan dondurmanın"Plombir" adı da ilk yarandığı yerin adı Plombières-les-Bains olduğu üçün Fransadan gəlib. 

Eskimo dondurması isə Amerikalı Kristian Nelson tərəfindən XX əsrin əvvəllərində ABŞ-da icad edilib. Avstriya şirniyyatçıları da dünyaya şokoladlı dondurmanı tanıtdılar.

Dondurma icad olunduğu vaxtdan  əvvəlcə yalnız imkanlı təbəqənin süfrələrini bəzəyirdi. Lakin soyutma texnologiyalarının inkişafı nəticəsində dondurma geniş istehlak məhsuluna çevrildi və sənaye üsulu ilə istehsal olunmağa başladı.

Azərbaycanda da dondurma istehsalının öz tarixi var. Ötən əsrin ortalarından başlayaraq ölkəmizdə süd sənayesinin inkişafı ilə paralel olaraq dondurma istehsalı genişlənib. Xüsusilə sovet dövründə istehsal olunan plombir və qaymaqlı dondurmalar insanların yaddaşında özünəməxsus yer tutub.

Müstəqillik illərində qida sənayesində həyata keçirilən yeniliklər bu sahənin də inkişafına təkan verib. Müasir texnologiyalar əsasında fəaliyyət göstərən müəssisələr müxtəlif çeşidli məhsullar istehsal edir, yerli bazarın tələbatının ödənilməsində mühüm rol oynayırlar.

Bu gün dondurma həm qida sənayesinin mühüm məhsullarından biri, həm də nəsilləri birləşdirən xoş xatirələrin daşıyıcısıdır. Minilliklər öncə qar və buzdan başlayan bu tarix müasir dövrdə də öz aktuallığını qoruyur və insanların həyatına şirinlik qatmaqda davam edir.

Nurəngiz Adilqızı

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью