Minimum əməkhaqqı nə qədər artacaq? Araşdırma

02.10.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, yaşa görə minimum əmək pensiyası isə 320 manat təşkil edir.

Mütəxəssislər deyir ki, minimum əməkhaqqı müəyyən edilərkən adətən inflyasiya, yaşayış xərcləri, orta əməkhaqqının səviyyəsi və artım tempi, əmək məhsuldarlığı, məşğulluq və ümumi iqtisadi vəziyyət nəzərə alınır. 2020 və 2021-ci illərdə minimum əməkhaqqı 250 manat olub. 2022-ci ildə 50 manat və ya 20%  artırılaraq 300 manata, 2023-cü ildə 45 manat və ya 15% artırılaraq 345 manata, 2025-ci ildə isə 55 manat və ya 15,9 faiz artırılaraq 400 manata çatdırılıb. 2024 və 2026-cı illərdə artım olmayıb. Yəni son üç artımın hamısı 15-20 faiz intervalında olub. 2025-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı 1102,9 manat olub. 2026-cı ilin yanvar-iyulunda bu göstərici artıq 1176,7 manata çatıb. 2027-ci il üçün isə 1288,3 manat proqnozlaşdırılır. Beləliklə, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2027-ci ildə orta əməkhaqqının təxminən 185 manat və ya 16,8 faiz yüksək olacağı gözlənilir. Bu müqayisə minimum əməkhaqqı üzrə mümkün rəqəmi ehtimal etmək üçün ciddi əsasdır. Yəni 2025-ci ilin faktiki göstəricisi ilə 2027-ci il üçün olan proqnozu müqayisə etdikdə orta aylıq əməkhaqqında 16,8 faiz artım gözlənilir. Minimum əməkhaqqında da buna yaxın artım olarsa, 400 manat təxminən 465-470 manata yüksəlir.

2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Prezident tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir: "2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Sosial təminat tədbirləri çərçivəsində müntəzəm olaraq minimum maaşların və digər sosial ödənişlərin artmasını müşahidə edirik. Son altı ildə həyata keçirilən beş sosial paketin də əsas istiqaməti artımla bağlıdır. Dövlət mütəmadi olaraq bu məsələni nəzərdən keçirəcək və iqtisadi vəziyyətə uyğun qərarlar qəbul edəcək. Minimum əməkhaqqının artırılması əhalinin gəlirlərinin yüksəlməsinə, insanların alıcılıq qabiliyyətinin artmasına və ümumilikdə sosial rifahın yaxşılaşmasına müsbət təsir göstərəcək. Ona görə də bu addım sosial siyasətin vacib istiqamətlərindən biri hesab olunur".

Artımın 2027-ci ilin büdcəsində nəzərdə tutulacağı gözlənilir. Büdcə paketi parlamentə daxil olduqdan sonra konkret rəqəmlər barədə müzakirə aparmaq olar. Eyni zamanda, pensiyaların indeksləşdirilməsi də yanvarda baş verəcək və bu, 2026-cı ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq aparılacaq. 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu 17 milyard manatdan artıq məbləğin bu sahəyə yönəldiləcəyindən xəbər verir".

2026-cı ildə əməkhaqqı artımı əsasən ilin birinci rübündə formalaşıb. Belə ki, yanvar ayında orta aylıq əməkhaqqının artımı 3,8 faiz olsa da, yanvar-mart ayları üzrə bu göstərici 6,2 faizə yüksəlib. Sonrakı 4 ayda isə cəmi 1 faiz bəndi artıb.

Qeyd edilənlər 2026-ci ildə ortaaylıq əməkhaqqının təxminən 8 faiz artacağına işarə edir. Bu da əmək pensiyalarının 2027-ci ildə bu həddə artacağını deməyə əsas verir. Belə olan halda 2027-ci ildə hazırda 400 manat pensiya alan şəxsin pensiya məbləği 32 manat artaraq 432 manata, 500 manat pensiya alanın isə 40 manat artaraq 540 manata yüksəlmiş olacaq. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğlərində də eyni qaydada artım tətbiq ediləcək.  

Minimum əməkhaqqı demək olar, hər il artır

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əslində Azərbaycanda minimum əməkhaqqı demək olar, hər il artır: "Son dövrlərə nəzər salsaq, orta hesabla illik 5-10 faiz civarında artım olub. Bu il də artımın olması gözlənilir. Çünki inflyasiya yüksəkdir və qiymətlər kəskin artır. Amma minimum əməkhaqqının artması nəyi dəyişir? Minimum əməkhaqqı yalnız o öhdəliyi yaradır ki, vətəndaşa müəyyən məbləğdən aşağı maaş verilməsin. Məsələn, hazırda 400 manatdan aşağı maaş vermək olmazsa, bu məbləğ sabah 450 manata çatdıqda 450 manatdan aşağı maaş vermək mümkün olmayacaq. Ancaq daha məntiqli yanaşma orta aylıq əməkhaqqının və insanların gəlirlərinin artırılmasına çalışmaqdır".

Ekspertin dediyinə görə, minimum əməkhaqqı artdıqda VÖEN-lə çalışan şəxslərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədikləri məbləğ də artır: "Bu, onlar üçün əlavə problem yaradır. Ona görə də dəfələrlə təklif etmişik ki, VÖEN-lə çalışanların DSMF-yə ödənişlərinin minimum əməkhaqqına bağlılığı aradan qaldırılsın. Qanunda bu əlaqəyə yenidən baxılmalı və o bağlantı ləğv edilməlidir".

Əhalinin ərzaq, mənzil, kommunal və tibbi xidmətlərə əlçatanlığı xüsusi nəzərə alınmalıdır

İqtisadçı ekspert Vüqar Oruc hesab edir ki, əməkhaqların alıcılıq qabiliyyətinin qorunması, əhaliyə dəstəyin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və sosial ödənişlərin artırılması prioritet istiqamətlərdən olmalıdır: "Eyni zamanda, əhalinin ərzaq, mənzil, kommunal və tibbi xidmətlərə əlçatanlığı xüsusi nəzərə alınmalıdır. Hazırda qeydiyyata alınmamış, yəni qanunsuz hesab edilən evlərin, əmlakın qeydiyyata alınması, əmlak amnistiyasının həyata keçirilməsi də 2027-ci ildə reallaşdırılarsa, bu, büdcəyə əlavə gəlirlərin daxil olmasına və ölkə iqtisadiyyatının daha da güclənməsinə səbəb ola bilər".

Ekspert bildirib ki, orta əməkhaqqı səviyyəsi əhalinin ümumi əməkhaqqı imkanlarını və alıcılıq qabiliyyətini tam ifadə etmir: "Bu baxımdan, minimum əməkhaqqının 660 manata qaldırılması da məqsədəuyğun olardı. Həmçinin istehlak səbətinin həcminin artırılması, müavinət və pensiyaların yüksəldilməsi üçün güclü iqtisadiyyatın formalaşdırılması, istehsalın genişləndirilməsi vacibdir. 2027-ci il üçün qarşıya qoyulan iqtisadi hədəflərin həyata keçirilməsi iqtisadi islahatların və institusional tərəqqinin bundan sonra da davam etdirilməsi üçün şərait yaradacaq".

Minimum əməkhaqqını kəskin şəkildə artırmaq mümkün deyil

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə əsasən, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq. Bu, əməkhaqqını dövlət vahid tarif cədvəlinə əsasən alan şəxslərin hamısının əməkhaqqısına təsir etmiş olacaq: "Minimum əməkhaqqı növbəti ilin yanvarın 1-dən qüvvəyə minəcəyinə görə, dövlət sektorunda tətbiq olunan 14 bəndlik tarif cədvəli əsasında əməkhaqqı alanlarda artımın olması gözlənilir. Eyni zamanda minimum əməkhaqqı artdığına görə, bu prosesin özəl sektorda da əməkhaqlarına təsiri olacaq".

İqtisadçı qeyd edib ki, qanunda minimum əməkhaqqının mütləq artırılması ilə bağlı tələb yoxdur: "Yəni ildə bir dəfə məbləğə baxılmalıdır, lakin bu baxışın nəticəsində minimum əməkhaqqı artırıla, əvvəlki səviyyədə saxlanıla, hətta nəzəri baxımdan azaldıla da bilər. Hazırda ölkədə inflyasiya, xüsusilə də ərzaq inflyasiyası yüksəkdir. Yaşayış minimumunun artırılması fonunda gözlənti minimum əməkhaqqının da artırılmasıdır. Bu məsələ ilə bağlı qərar 2026-cı ildə veriləcək, lakin artımın qüvvəyə minməsi 2027-ci ilin yanvarından etibarən baş tutacaq".

Ekspertin dediyinə görə, minimum əməkhaqqının artırılması dövlət büdcəsinə birbaşa təsir göstərdiyi üçün bu məsələ büdcə müzakirələri zamanı nəzərdən keçiriləcək. Çünki minimum əməkhaqqı artdıqda dövlət büdcəsindən maliyyələşən qurum və müəssisələrdə əməkhaqqı xərcləri də artır.

Xalid Kərimli minimum əməkhaqqının təxminən 10-15 faiz artırılacağını gözlədiyini bildirib: "Hesab edirəm ki, hazırda 400 manat olan minimum əməkhaqqı 440-460 manat aralığına yüksələ bilər. Bu artım son iki ildə formalaşmış təxminən 6 faizlik inflyasiyanın qismən kompensasiyasını da nəzərə ala bilər. Yaşayış minimumunun artırılması da bu gözləntini gücləndirən amillərdəndir".

Xalid Kərimli qeyd edib ki, minimum əməkhaqqını kəskin şəkildə artırmaq mümkün deyil, çünki iqtisadiyyat buna tam hazır deyil. Maaşlar aşağı olsa da, iqtisadi vəziyyət yüksək əməkhaqqı artımlarını məcburi qaydada təmin etməyə imkan vermir. Buna görə də hökumətin minimum əməkhaqqını mərhələli şəkildə artırması daha məqsədəuyğun yanaşmadır və illik baxış mexanizmi də məhz buna xidmət edir.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью