Minirə Dadaşqızı deyir ki...

17.06.2026

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

"Həyatda en çox sevdiyim Allah, sevmədiyim
təmənnalı yaxşılıq, qorxduğum vicdan,
qorxmadığım ölümdür"
(Minirə Dadaşqızı)

Adətən Şərqdən doğan günəş Qərbə doğru irəlilədikcə öz böyüklüyünü göstərə - göstərə bütün aləmi tədricən öz ziyasına, nuruna boyayır. Başlanğıc mərhələdə xırdaca qığılcımlar formasında görünən günəş öz hərarəti, istiliyi ilə tədricən bütün dünyanı isidir, hamıya, hər kəsə, hər nəyə öz nurundan, ziyasından, odundan, qorundan pay verir.
İnsan ömrü də belədir...Biri var yalnız özün üçün yaşayır, ömrü yalnız özünə xərcləyir. Amma elələri də var ki, elə yaşayır, elə ömür sürürlər ki, yaşadığı ömür payından hamıya sərf edir, xərcləyirlər. Belələri heç vaxt unudulmur, daim yaddaşlarda yaşayır, əbədiyaşar olurlar. Yalnız özü üçün yaşayanlar isə yalnız yaşadıqları zaman kəsimində tanınır, xatırlanırlar. Elə ki, tərk etdilər dünyanı unudulur, yaddaşlardan silinirlər.
Bu gün ədəbi aləmdə imzası kifayət qədər bəlli olan yazarlarımızdan biri də Minirə xanım Dadaşqızıdır. Heç tərəddüd etmədən yuxarıda sadaladığım müsbət nə varsa hamısını Minirə xanımın şəxsiyyətinə, yaradıcılığına aid etmək olar və təbii ki, aid etsəm heç də yanılmaram məncə. Adi bir insan kimi o da Ağsu rayonunun Kalva kəndində həkim ailəsində anadan oldu. Atası Dadaş kişi Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Bacarıqlı mütəxəssis kimi tanınır, elin hayında – harayında idi. Çox təəssüf ki, qısa ömür sürüb, amma bu qısa ömrə baxmayaraq el içində o qədər xətir – hörmət qazanıb ki, bu gün də adı hörmətlə anılır Dadaş həkimin.
Minirə xanım da hamı kimi uşaqlığını sürdü. Məhdud dairədə tanındı. Deyirlər "cidanı çuvalda gizlətmək olmaz", bax beləcə zaman keçdikcə Minirə xanıma da Allah tərəfindən verilən istedad parladı, üzə çıxdı, Minirə xanım da daha geniş dairədə tanınmağa başladı. Ədəbi aləmdə ilk xeyir-duasını əbədiyaşar yazıçımız Əlibala Hacızadədən aldı. Elə ilk kitabının da ön sözünü dəyərli yazıçımız yazıb onun. Bu gün artıq ədəbi aləmdə əminliklə sözünü deməkdə, sayılıb-seçilməkdədir Minirə xanım.
Yazar üçün ən böyük mükafat, ən böyük dəyər, qiymət oxucu məhəbbəti, oxucu sevgisidir ki, Minirə xanım da onu artıq artıqlamasıyla qazanıb. Atası Dadaş həkim həm də Dadaş Şirvanlı təxəllüsüylə şeirlər yazıb. Niyə də olmasın, humanist, insanlığa xidmət edən peşə sahibi, həm də Şirvanlı olasan, amma şeir yazmayasan. Özündən sonra bir-birindən gözəl şerirləri qalıb Dadaş həkimin. Minirə xanım deyir ki, atamın həkimlik yolunu davam etdirə bilmədiyim üçün özümü qınayıram, amma şadam ki, atamın şairlik yolunu həm mən, həm də bacım Səlimə Şirvanlı davam etdirdik.
Minirə Dadaşqızı bu gün Ağsuda, doğma kəndi Kalvada yaşayır. Elə bu mühitdə də yazıb yaradır. Mədəniyyət işçisidir. 2006-cı ildə çap olunmuş “İki qəlbdə bir ruh” (atasının ruhuna) və 2009-cu ildə çapdan çıxan “ Köçkün xarı bülbülüm” (atasının və özünün dəyərli müəllimi olmuş qayınatasının əziz xatirəsinə) kitablarının müəllifidir... Aşıq Pəri məclisinin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Şamaxı filialında professor Seyfəddin Qəniyevin rəhbərliyi ilə fəaliyyət göstərən . vaxtilə Seyyid Əzim Şirvaninin yaratdığı “Beytüs-səfa” ədəbi məclisinin fəal üzvüdür. Şeirləri dövri mətbuatda, Aşıq Pəri inciləri birinci və ikinci almanaxlarında, Ağsu ədəbi mühiti, “Yurd sorağında Kalva”, “Göyərçin əllər” almanaxlarında çap olunub.
Mənim yazılmamış qanunum vardır,
Heç vaxt məcəllələr görünməz gözlə.
Qanun kitabımdır əqidəm mənim.
Divan yaradıram özümdə özlə.
Əqlim məhkəməmdir, hakimim vicdan,
Burda amalıma xəyanət olmaz.
Könlüm müttəhimdir, iradəm zindan
Ölər, cəzasından kənarda qalmaz.
Başqa kimsələrə ziyanım dəyməz.
Fəqət öz-özümə qəddaram yaman.
Əgər iradəmə uymasa qəlbim
Yarıb qopararam köksümdən inan!

Malik Balaşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью