Minlərlə ailəyə təsir edəcək qərar: Əli Əsədov imzaladı

24.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəkərli diabet xəstələrinin insulin, şəkərsalıcı dərmanlar və özünənəzarət vasitələri ilə təminatında yeni qaydalar müəyyənləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı 2005-ci il 13 may tarixli qərara dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən, diabet xəstələrinə göstərilən illik tibbi yardımın həcmi, dərman preparatlarının və tibbi vasitələrin siyahısı, eləcə də onların miqdarı yenilənib. Məişət texnikası

Yeni qaydalara görə, endokrinoloq müayinəsi xəstəliyin növündən asılı olaraq 3 ayda bir və ya ayda bir dəfə nəzərdə tutulub. Həmçinin diabet xəstələrinin ildə bir dəfə ümumi cərrah müayinəsindən keçməsi müəyyən edilib. Sənəddə okulist adı oftalmoloqla əvəzlənib.

İnsulinlə təminatla bağlı da yeni normalar tətbiq olunub. Həkim təyinatı və klinik göstərişlər əsasında gündəlik insulin dozası maksimum 80 vahid, pubertat dövründə olan uşaqlar üçün isə 100 vahidədək müəyyənləşdirilib.

Şəkərsalıcı həblərin təminatı üzrə gündəlik istifadə miqdarı 3 həbədək nəzərdə tutulub. Kombinə edilmiş terapiya zamanı isə gündə 2 həb hesabı ilə ildə 730 həb təminat müəyyən edilib. GLP-1 reseptor aqonistlərinin verilməsi də müvafiq ixtisaslaşmış dövlət tibb müəssisələrinin rəyi və həkim təyinatı əsasında həyata keçiriləcək.

Özünənəzarət vasitələri ilə bağlı dəyişikliklərə əsasən, qanda şəkərin ölçülməsi üçün test-striplər xəstəliyin növündən asılı olaraq ayda bir və ya iki ayda bir qutu veriləcək. Qlükometrlər isə 3 ildən bir yenilənəcək. Cihazda nasazlıq yaranarsa, onu verən tibb müəssisəsi araşdırma apardıqdan sonra yenisi ilə əvəz etməlidir.

Bundan başqa, 3-18 yaşlı uşaqların istifadəsində olan cihazın yaş icazəsinə uyğun olaraq davamlı qlükoza monitorinqi üçün ayda iki sensor verilməsi nəzərdə tutulub. Aşağı dozada insulinə ehtiyacı olan 3-7 yaşlı uşaqlar isə həkim heyətinin qərarı əsasında insulin pompası ilə təmin edilə biləcəklər.

Qərarda dərman və tibbi vasitələrin əldə olunması mexanizmi də dəyişdirilib. Belə ki, xəstələrə ayda bir dəfə elektron resept ailə həkimi tərəfindən, endokrinoloqun müəyyən etdiyi müalicə sxeminə uyğun olaraq yazılacaq. Sağlamlıq vəziyyətində dəyişiklik və ya şikayət olduqda xəstə ixtisaslaşdırılmış tibbi xidmət üçün endokrinoloqa yönləndiriləcək.

Dərman və vasitələr endokrinoloji mərkəzlərin aptek bölmələrindən, eləcə də TƏBİB-in müəyyən etdiyi siyahı üzrə dövlət tibb müəssisələrində təşkil olunan aptek məntəqələrindən veriləcək.

Dəyişikliklərə əsasən, təminatın maliyyələşdirilməsi də icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçiriləcək.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью