Minlərlə insan gensiz yaşayırmış ARAŞDIRMA

19.06.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Alimlər Pakistanda 173 mindən çox insanın genomunu təhlil edərək genetika sahəsində mühüm kəşfə imza atıb.
Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri göstərir ki, on minlərlə insan həyat üçün vacib hesab edilən bəzi genlər olmadan da normal həyat sürür.
Araşdırma zamanı müəyyən edilib ki, hər beş nəfərdən biri ən azı bir  fəaliyyətsiz genlə yaşayır. Ümumilikdə isə 34 mindən çox şəxsdə 6476 müxtəlif genin fəaliyyətsiz olduğu aşkarlanıb.
Alimlərin fikrincə, bu nəticələr uzun illərdir genetika və dərman hazırlanması sahəsində qəbul edilən bəzi yanaşmaları yenidən nəzərdən keçirməyə səbəb ola bilər. İndiyədək bir çox genlərin insan həyatı üçün zəruri olduğu düşünülürdü. Lakin yeni məlumatlar göstərir ki, bəzi hallarda orqanizm müəyyən genlərin funksiyasını başqa mexanizmlərlə kompensasiya edə bilir.
Tədqiqatın Pakistanda aparılması təsadüfi deyil. Ölkədə qohum evliliklərinin geniş yayılması eyni genetik mutasiyanın hər iki valideyndən uşağa keçmə ehtimalını artırır. Nəticədə bəzi genlər tamamilə fəaliyyətsiz vəziyyətə düşür və alimlər onların insan sağlamlığına təsirini müşahidə etmək imkanı əldə edirlər.
Araşdırma həmçinin heyvanlar üzərində aparılan eksperimentlərin insan orqanizmini hər zaman dəqiq əks etdirmədiyini ortaya qoyub. Mütəxəssislər bildirirlər ki, siçanlarda mühüm hesab olunan bəzi genlər insanlarda fərqli şəkildə fəaliyyət göstərə bilər. Bu isə bir çox dərmanların klinik sınaqlarda uğursuzluğa düçar olmasının səbəblərindən biri kimi qiymətləndirilir.
Alimlər bəzi genlərin fəaliyyətsiz olmasının xəstəliklərdən qoruyucu təsir göstərə biləcəyini də müəyyən ediblər. Məsələn, müəyyən genləri işləməyən insanlarda qaraciyərin piylənməsi riskinin daha aşağı olduğu müşahidə olunub. Bu fakt gələcəkdə yeni müalicə üsullarının hazırlanmasına yol aça bilər.
Tədqiqat müəllifləri hesab edirlər ki, təbii olaraq müəyyən genləri olmayan insanların öyrənilməsi daha təhlükəsiz və effektiv dərmanların hazırlanmasına kömək edəcək. Onların fikrincə, bu yanaşma həm də dərmanların klinik sınaqlar zamanı uğursuzluq riskini azalda bilər.
Mütəxəssislər vurğulayırlar ki, kəşf bütün genlərin vacib olmadığı anlamına gəlmir. Lakin əldə edilən nəticələr insan orqanizmi üçün hansı genlərin həqiqətən əvəzolunmaz olduğunu daha dəqiq müəyyənləşdirməyə imkan verir.
Leyla
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью