Minlərlə insanın həyatına son qoyan yol Karakorum VİDEO

07.09.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Yerli əhali tərəfindən “Məzar yolu”, dünyada isə “Ölüm keçidi” kimi tanınan Karakorum Avtomobil Yoluna bu qorxulu adların verilməsinin səbəbi də məhz onun yaratdığı təhlükələrdir. 

Karakorum türk mənşəli sözdür və “qara çınqıl” mənasını verir. Hündür dağ silsilələri ilə əhatə olunmuş bu ərazi müxtəlif ölçülü daş və qaya parçaları ilə zəngindir. Bəziləri o qədər böyükdür ki, onları nəhəng adlandırmaq olar.

Yolu örtən asfalt uzun illər ərzində ciddi təmir və ya yenidənqurma işlərinə məruz qalmayıb. Nəticədə yol örtüyü aşınaraq bəzi hissələrdə dağılmağa başlayıb. Zaman keçdikcə magistralın müəyyən hissələri yarı asfalt, yarı qayalı dağ yoluna çevrilib ki, bu da həm nəqliyyat vasitələri, həm də piyadalar üçün ciddi təhlükə yaradır.

Tikintisindən bəri Karakorum magistralında minlərlə insanın həyatını itirdiyi bildirilir. Dar yol zolaqları, qəfil torpaq sürüşmələri, çöküntülər və daş uçqunları bu faciələrin əsas səbəbləri sırasındadır. Bundan əlavə, drenaj sistemi olmayan ərazilərdə yığılan sular və buzlaqlar yolun strukturunu daim dəyişdirir və qəza riskini artırır.

Bəs bu dağlarda kəndlərin olub-olmadığını soruşsanız, əlbəttə ki, var. Hətta bu kəndlərdə yaşayan insanların dəniz səviyyəsindən yüksəkdə yaşamaları səbəbindən ağciyərləri və digər daxili orqanları fərqli inkişaf edir. Buna görə də onların adi insanlarla müqayisədə daha uzun ömür sürdükləri bildirilir. 

Karakorum yolu həm də dünyanın qütb bölgələrindən kənarda yerləşən ən böyük buzlaqlarına ev sahibliyi edir. Burada uzunluğu 76 kilometr olan Siaçen buzlağı, 63 kilometrlik Baltoro buzlağı və 63 kilometrlik Biafo buzlağı yerləşir. Üfüqə qədər uzanan buzlaqlar təbiətin möhtəşəmliyini bütün çılpaqlığı ilə nümayiş etdirir.

Karakorum dağ silsiləsi boyunca dünyanın 8 min metrdən hündür 14 zirvəsindən dördü yerləşir. Bunlar K2, Qaşerbrum, Brod Pik və Nanqa Parbat zirvələridir. Məhz buna görə də bölgə hər il çoxsaylı alpinistləri, səyyahları və macəra həvəskarlarını özünə cəlb edir.

Buludların arasından görünən möhtəşəm zirvələr, sonsuz buzlaqlar və adrenalin dolu keçidlər Karakorumu dünyanın ən təsirli, ən təhlükəli və eyni zamanda ən heyrətamiz marşrutlarından birinə çevirir. Buraya səyahət edənlər üçün yolun özü bəzən mənzərədən də böyük macəra hesab olunur.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью