Minlərlə ulduz Kainatı anlamağımıza meydan oxuyur

24.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Kvinslend Universitetinin alimlərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu 2884 supernovanın müşahidələrini birləşdirərək qaranlıq enerjinin xüsusiyyətlərinin zamanla dəyişə biləcəyinə dair yeni dəlillər əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın ilkin versiyası “arXiv” elmi məqalələr platformasında dərc olunub.

Araşdırmada astronomların Kainatın genişlənmə tarixini öyrənmək üçün istifadə etdikləri Ia tipli supernovaların məlumatları təhlil edilib. Bu ulduz partlayışlarının parlaqlığını və işıqlarının qırmızı sürüşməsini müqayisə etməklə Kainatın müxtəlif dövrlərdə necə genişləndiyini müəyyənləşdirmək mümkündür.

Tədqiqatçılar “Pantheon+” kataloqunu və Qaranlıq Enerji Tədqiqatının beşillik müşahidələrindən əldə olunan məlumatları birləşdiriblər. Müxtəlif təhlil üsulları arasındakı fərqləri azaltmaq üçün müşahidələr vahid qaydalar əsasında yenidən işlənib. Həmçinin supernovaların yerləşdiyi qalaktikaların kütlələri obyektlərin 98 faizindən çoxu üçün yenidən qiymətləndirilib.

Daha sonra əldə olunan nəticələr kosmik mikrodalğa fonu və qalaktikaların paylanması ilə bağlı ölçmələrlə müqayisə edilib. Təhlillər qaranlıq enerjinin xüsusiyyətlərinin sabit olduğu modeldə müəyyən uyğunsuzluqların mövcudluğunu göstərib. Qaranlıq enerjinin zamanla dəyişməsinə imkan verən model isə məlumatlara daha yaxşı uyğun gəlib.

Bununla belə, nəticələrin statistik əhəmiyyəti istifadə olunan təhlil metodundan asılı olub. Metodlardan biri qaranlıq enerjinin dəyişkənliyinə təxminən üç standart sapma səviyyəsində üstünlük göstərsə də, digər yanaşma bu modelin cüzi üstünlüyünü üzə çıxarıb.

Buna görə də alimlər standart kosmoloji modelin təkzib olunduğunu söyləməyin hələ tez olduğunu vurğulayırlar.

Tədqiqatçılar hesab edirlər ki, yeni məlumat bazası gələcək araşdırmalar üçün daha ardıcıl müqayisə imkanı yaradacaq. Əlavə müşahidələr qaranlıq enerji ilə bağlı uyğunsuzluqların yeni fiziki proseslərdən, yoxsa ölçmə və məlumatların emalı xüsusiyyətlərindən qaynaqlandığını müəyyənləşdirməyə kömək edə bilər.

Murad İsmayıl 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью