Minsk Qrupunun ləğvi başa çatıb

01.12.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ATƏT Minsk Qrupunun ləğvi prosesini başa çatdırıb.

Reyting.az-ın məlumatına görə, təşkilatın bəyanatında deyilir ki, ATƏT Minsk prosesini və onunla əlaqəli strukturlarını bağlayıb.

Bəyanatda deyilir: "ATƏT Minsk prosesini və onunla əlaqəli strukturları 30 noyabr 2025-ci il, saat 23:59-da, Ermənistan və Azərbaycanın Finlandiyanın ATƏT sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş Nazirlər Şurasının qərarına uyğun olaraq bağlayıb".

Qeyd olunur ki, bütün zəruri inzibati prosedurların tamamlanması bağlanma prosesinin başa çatmasını göstərir.

Bəyanatda əlavə olunur: "Bu proses, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanmış tarixi Birgə Bəyannamədən sonra qəbul edilmiş 1 sentyabrda bütün 57 ATƏT iştirakçı dövlətinin konsensus qərarının həyata keçirilməsidir".

Xatırladaq ki, ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaradılıb və Rusiya, Fransa və ABŞ tərəfindən sədrlik edilib. 2022-ci ilin aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Paris və Vaşinqtonun qrup daxilində Moskva ilə əməkdaşlıq etməkdən imtina etdiyini açıqlayıb.

E. KAMAL


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью