Icma.az, Azertag saytına istinadən bildirir.
Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu konfliktin davam etdiyi müddət ərzində fəaliyyətini dekorasiya üzərində qurdu. ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə fəaliyyət göstərən bu struktur otuzillik fəaliyyəti dövründə heç bir real nəticə ortaya qoya bilmədi. Münaqişənin uzun müddət “dondurulmuş” vəziyyətdə qalması, işğalçı ilə işğala məruz qalan tərəfi eyni hüquqda göstərmək və Ermənistana qarşı heç bir real addım atmamaq ATƏT-in Minsk qrupunun fəaliyyət funksiyalarında ana xətt idi. Bu isə beynəlxalq hüquqla təsbit edilmiş normaların pozulmasına dair məyusedici göstərici idi.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan milli təhlükəsizlik vəzifələrindən irəli gələn çağırışları silahlı vasitələrlə həll etmək üçün hərəkətə keçəndə onun hüquqi əsasları var idi. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
- Azərbaycan-Ermənistan danışıqları dalana dirənmişdi, xüsusilə 2020-ci ilin iyulundakı Tovuz döyüşlərindən sonra diplomatiya istiqaməti tamamilə qapandı;
- Minsk qrupu vəzifələrini yerinə yetirə bilmirdi və ya bunu etmək istəmirdi;
- BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi region üçün problemli vəziyyəti dərinləşdirirdi. Bu, Ermənistanı Qarabağ münaqişəsi üzərindən regional status-kvonu qoruyub saxlayaraq daha təhlükəli işğal doktrinasını irəli sürməyə cürətləndirirdi;
- Status-kvonun qorunub saxlanılması cəhdləri Cənubi Qafqazı hər an partlamağa hazır olan daha təhlükəli, idarəolunmaz bir münaqişə ocağına çevirməyə rəvac verirdi.
Azərbaycanın Minsk qrupunu fəal mühakimə etməsi
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Ermənistanın təxribatlarına genişmiqyaslı əməliyyatlarla cavab verəndə hüquqi-siyasi müstəvidə başqa bir proses başlandı. Qarabağ münaqişəsinin həlli üçün diplomatiyaya və siyasi təmaslara yer qoyulmayanda güc tətbiq edilməsi Minsk qrupu həmsədrlərinin monopoliyasını dağıtmağa başladı.
Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqları sürətli hərbi əməliyyatlarla azad etməsi, qlobal hüquq arxitekturasının və münaqişələrin həlli ilə məşğul olan beynəlxalq institutların fəaliyyətsizliyinin aktiv şəkildə mühakiməsinə gətirib çıxaran proses oldu. Bu dəfə sorğulayan tərəf Azərbaycan, “müttəhim kürsüsü”ndə isə Minsk qrupu idi. Ancaq Minsk qrupu həmsədrləri yenə manipulyasiya cəhdlərinə daxil oldu. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin edəndə ATƏT-in Minsk qrupunun yenidən səhnədə atılmağa çalışması ilə özünü göstərdi. Minsk qrupu postmüharibə dövründə də Azərbaycanla Ermənistan arasında süni bərabərlik balansı qoymaqla fəaliyyət trayektoriyasını prioritetləşdirməyə çalışırdı.
Hüquqi sonluq
Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra beynəlxalq münasibətlər sistemində çəkisini artırıb. Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə və regionda formalaşan yeni geosiyasi reallıqlar beynəlxalq vasitəçiliyin sərhədlərini yenidən müəyyənləşdirir.
Bu reallıq:
- Azərbaycanın suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində regionda separatizmin kökünün kəsilməsində;
- Bunun fonunda Minsk qrupunun illərlə davam edən dekorativ missiyasının hüquqi-siyasi əsaslarının tamamilə aradan qalxmasında özünü aydın biruzə verdi.
Bu, Minsk qrupuna bənzər institutlar üçün də çıxarılması vacib olan dərsdir.
Həm də ona görə ki, Azərbaycanın siyasi iradəsi və diplomatiyası meydandakı qələbəni hüquqi-institusional müstəvidə tamamlayaraq, funksionallığını itirmiş Minsk qrupu modelinin tamamilə arxivə göndərilməsi prosesini başlatdı. Bakının ardıcıl diplomatik-siyasi həmlələri fonunda 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk prosesinin və onun strukturlarının fəaliyyətinə rəsmən xitam verən tarixi qərarı təsdiqlədi.
Yekun olaraq qeyd etməliyik ki, Prezident İlham Əliyev artıq regional və qlobal idarəçilikdə alternativ institutlar, yeni modellər təklif edən Liderdir.
Azərbaycanın mövqeyi gələcəkdə digər regional münaqişələrin həllində köhnəlmiş beynəlxalq mexanizmlərin alternativlərlə əvəzlənməsi üçün presedent rolunu oynayacaq modeldir.
Yaxın perspektivdə Bakının təşəbbüsü ilə Cənubi Qafqazda formalaşan təhlükəsizlik və əməkdaşlıq modelləri digər regionlar üçün də nümunəvi idarəetmə formatına çevrilə bilər.
Bu proses qlobal miqyasda ənənəvi vasitəçilik institutlarının islah olunmasını və ya səlahiyyətlərini yerli təşəbbüslərə təslim etməsini qaçılmaz edir. Beləliklə, Azərbaycanın təmin etdiyi dayanıqlı sülh mühiti dövlətimizi yeni nəsil geosiyasi arxitekturanın müəlliflərindən birinə çevirir.
Müəllif – Aqşin Kərimov