Miqrantlara qarşı qaydalar sərtləşdirilir

17.07.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Dünyada getdikcə kəskinləşən  geosiyasi və geoiqtisadi vəziyyət bir sıra sahələrdə də öz mənfi təsirlərini göstərməkddir. O cümlədən son illərdə bütövlükdə Qərb dünyasında miqrantlara münasibət də hədsiz dərəcədə kəskinləşib. Acınacaqlı proseslər izlənilir. Bir tərəfdən təbii və qeyri-təbii amillər - iqlim dəyişmələri, ərzaq çatışmazlığı, işsizlik, dağıdıcı müharibələr səbəbindən milyonlarla insan doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalırlar, digər tərəfdən isə Qərb ölkələrində qapılar onlarin üzünə bağlanır. Bunu BMT-nin Miqrasiya Təşkilatının iki ildən bir təqdim etdiyi hesabatdan da görmək mümkündür. Artıq qurum 2026-cı il hesabatını təqdim edib. Beləliklə, 2024-cü ilin ortalarına olan məlumata görə, dünyada 304 milyon beynəlxalq miqrant var ki, bu da dünya əhalisinin təxminən 3,7 faizini təşkil edir. O cümlədən  2024-cü ilin sonuna olan göstəricilərə görə, qlobal miqyasda 120 milyondan çox insan (qaçqınlar, sığınacaq axtaranlar və məcburi köçkünlər daxil olmaqla) didərgin düşüb.

Əvvəlki illərlə müqayisə apardıqda ümumi olaraq miqrasiya axınında azalma tendensiyası var. Ancaq bu azalma heç də mənbə ölkələrində vəziyyətin yaxşılaşmasının təzahürü deyil. Əksinə, həmin ölkələrdə yaşayış üçün şərtlər daha da ağırlaşıb.  Miqrasiya prosesində izlənilən azalma tendensiyası isə bilavasitə Qərb  dövlətlərinin, necə deyərlər, arzulanmayan qonaqları birmənalı şəkildə qəbul etmək istəməmələrindn qaynaqlanır.

Aİ sərhədlərindən qanunsuz keçmələrin sayında 37 faiz azalma

Afrikadan, müharibə alovuna bürünən Yaxın Şərq ölkələrindən miqrantların üz tutduqları ünvanlardan biri Avropa İttifaqı (Aİ) məkanıdır. Son illərdə tətbiq olunan sərtləşdirmə tədbirlərinin nəticəsidir ki, bu ilin ilk altı ayında Avropa İttifaqının xarici sərhədlərində qeyri-qanuni keçidlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalaraq 49 mindən bir qədər çox olub.

Bu barədə Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) məlumatında bildirilib. Qeyd olunub ki, azalma tərəfdaş ölkələrlə davamlı əməkdaşlıq və qabaqlayıcı tədbirlər nəticəsində Avropaya istiqamətlənən qayıqların sayının azalması ilə bağlıdır.

Hesabata görə, Şərqi və Mərkəzi Aralıq dənizi marşrutları qeyri-qanuni miqrasiyanın əsas istiqamətləri olaraq qalır və ümumi keçidlərin 60 faizindən çoxunu təşkil edir. Şərqi Aralıq dənizi marşrutunda 16,6 mindən çox keçid qeydə alınıb ki, bu da illik müqayisədə 20 faiz azdır. Mərkəzi Aralıq dənizi marşrutu üzrə isə təxminən 14 min 300 keçid qeydə alınıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox azdır.

Qərbi Afrika marşrutunda qeyri-qanuni keçidlərin sayı 67 faiz azalaraq təxminən 3700-ə enib. Qərbi Aralıq dənizi marşrutu isə artım qeydə alınan yeganə əsas istiqamət olub. Bu marşrut üzrə aşkarlanan keçidlərin sayı 17 faiz artaraq təxminən 7900-ə çatıb. Artım əsasən Əlcəzairdən gələn miqrantların sayının çoxalması ilə əlaqələndirilir.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən indiyədək Aralıq dənizində 1300-ə yaxın insan həyatını itirib.

Yeni sanksiyaların tətbiqi gündəmdə

Son illərdə miqrant axınınında azalma müşahidə edilsə də, Qərb dünyası yenə də narahatlıq içindədir, Belə ki, bütövlükdə Avropa İttifaqı qapıları daha sərt şəkildə bağlamaq niyyətindədir. Bu günlərdə Avropa Komissiyası qanunsuz miqrasiya, insan alveri və digər ciddi mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün yeni sanksiya rejiminin yaradılmasını təklif edib. Avropa Komissiyasının yazılı açıqlamasında təklifin Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən verildiyi bildirilir.

Bəyanatda qeyd olunur ki, yeni sanksiyalar mexanizmi qeyri-qanuni miqrasiya və insan alveri, həmçinin qanunsuz silah və narkotik ticarəti, çirkli pulların yuyulması kimi mütəşəkkil cinayətkarlıq fəaliyyətlərini əhatə edəcək. Mütəşəkkil cinayətkar qrupların cəmiyyətlərin rifahını pozduğu, qanunun aliliyini və demokratiyanı zəiflətdiyi, iqtisadi sabitliyə və təhlükəsizliyə təhdid yaratdığı vurğulanır.

Aİ xaricində fəaliyyət göstərən miqrant qaçaqmalçılığı şəbəkələrinin və insan alverçilərinin fəaliyyətinin İttifaqın təhlükəsizliyinə və fundamental dəyərlərinə ciddi təhdid yaratdığı vurğulanır. Əlavə olaraq qeyd olunur: “Komissiyanın məlumatlarına görə, son iki ildə Aİ-yə qeyri-qanuni miqrasiya 50 faizdən çox azalsa da, çox sayda insan hələ də qaçaqmalçıların əlində həyatlarını itirmək və ya həyati təhlükəsi olan vəziyyətlərlə üzləşmək riski altındadır”.

Bəyanatda yeni sanksiya rejiminin mütəşəkkil cinayətkarlıq şəbəkələrinin maliyyə resurslarını hədəf alacağı və geniş yayılmış, sistemli və ya mütəşəkkil təbiətinə görə İttifaqın dəyərlərinə, üzv dövlətlərin təhlükəsizliyinə və ya beynəlxalq təhlükəsizliyə ciddi şəkildə təhdid yaradan Aİ xaricində yaranan fəaliyyətləri izləyəcəyi bildirilir.

Qeyd olunur ki, sanksiya siyahısındakı şəxslərin və qurumların aktivləri Aİ-də dondurulacaq və onlara hər hansı vəsait və ya iqtisadi resursların verilməsi qadağan ediləcək.

Bəyanatda, həmçinin siyahıdakı şəxslər üçün Aİ ərazisinə giriş və ya tranzitin qadağan ediləcəyi və sanksiyaların əlaqələndirilmiş şəkildə, çevik, mütənasib şəkildə və müntəzəm olaraq nəzərdən keçirilmək şərti ilə tətbiq olunacağı bildirilir.

Təklif üzv dövlətlərin təmsil olunduğu Aİ Şurasına təqdim ediləcək. Sanksiya rejiminin qüvvəyə minməsi üçün bütün üzv dövlətlərin yekdil təsdiqi tələb olunacaq.

Xatırladaq ki, yeni sanksiya rejimi təşəbbüsünü Aİ Komissiyasının Prezidenti Ursula Fon der Lyayen 2025-ci ildə “İttifaqda vəziyyət” adlı hesabatında elan etmişdi. O, çıxışında miqrant qaçaqmalçılarını və insan alverçilərini hədəf alan yeni Aİ sanksiya mexanizminin yaradıldığını elan etmiş və bunun cinayətkar təşkilatların aktivlərini dondurmağı, hərəkətlərini məhdudlaşdırmağı və maliyyə resurslarını kəsməyi hədəflədiyini bildirmişdi.

BMT-də yaşanan narahatlıq

Qərb dövlətlərində miqrantlarla bağlı qanunların sərtləşdirilməsi insan hüquqları, demokratiya prinsipləri və müasir şəraitdəki reallıqlar nəzərə alınmaqla birmənalı qarşılanmır. BMT ekspertləri Avropa Şurasının bu yaxınlarda qəbul etdiyi miqrasiya ilə bağlı Kişineu Bəyannaməsi ilə bağlı dərin narahatlıqlarını bildiriblər. Ekspertlərin yazılı bəyanatında qeyd olunub ki, miqrasiya idarəçiliyi insan hüquqlarına əsaslanmalıdır.

May ayında qəbul edilən Kişineu Bəyannaməsinin məqsədi Avropa insan hüquqları sisteminin miqrasiya işlərində necə fəaliyyət göstərməli olduğunu aydınlaşdırmaq və dövlətlərin sərhədlərinə nəzarət etmək hüququnu təsdiqləmək kimi qəbul edilir. Lakin tənqidçilər bunun ikisəviyyəli hüquqlar sistemi yaratmaq və məhkəmələrə müdafiəni daha dar şəkildə şərh etmək üçün siyasi təzyiqi artırmaq riski daşıdığını iddia edirlər.

Bəyanatda xatırladılır ki, miqrasiya məsələlərində Avropa İnsan Hüquqları Konvensiyasını yenidən balanslaşdırmağı iddia edən son siyasi təşəbbüslər insan hüquqlarının pozulmasını normallaşdırmaq və dövlətlərin öhdəliklərinin məhdudlaşdırıcı şərhlərini təşviq etmək riskini daşıyır.

Ekspertlər bildiriblər: “Bəyannamənin əvvəllər ifadə etdiyimiz narahatlıqları, o cümlədən məcburi miqrasiya nəzarətinin prioritetləşdirilməsini, sığınacaq almaq üçün məhdudiyyətləri, həbs və geri qaytarılmaların genişləndirilməsini, qanuni prosesin zəiflədilməsini və miqrantların ölümünə, işgəncəyə, pis rəftara, məcburi yoxa çıxmasına və ya təqibinə səbəb ola biləcək digər hərəkətləri gerçəkləşdirməsindən məyusuq”.

Onlar xəbərdarlıq ediblər ki, bəyannamənin dövlətlər üçün potensial olaraq həddindən artıq qiymətləndirmə sərbəstliyinə yenidən vurğusu “ölkələrin Konvensiya üzrə öhdəliklərini pozan və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən müstəqil nəzarəti sarsıdan tədbirləri əsaslandırmaq üçün vasitəyə çevrilməməlidir”.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью