Miqrasiya Avropanı yenidən parçalayır

17.10.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Avropa İttifaqında miqrasiya siyasəti yenidən siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Oktyabrın 15–16-da keçirilən Aİ liderlərinin sammitində qanunsuz miqrasiya ilə mübarizə, Avropa ərazisində qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması və xarici sərhədlərin qorunması məsələləri diqqət mərkəzindədir. Bununla belə, üzv dövlətlərin ortaq yanaşma formalaşdırmaq cəhdləri miqrasiyanın hüquqi, humanitar və siyasi məsələ olması ilə çətinləşir.

Müzakirələrin əsas mahiyyəti Avropaya gələn miqrantların sayını azaltmaqdan daha genişdir. İttifaq daxilində mübahisə doğuran məsələ miqrantların hansı şərtlərlə qəbul ediləcəyi, sığınacaq müraciətləri rədd olunan şəxslərin necə geri qaytarılacağı və prosesdə məsuliyyətin üzv dövlətlər arasında necə bölüşdürüləcəyidir. Bir sıra hökumətlər mövcud qaydaların kifayət qədər səmərəli işləmədiyini düşünür və daha sərt tədbirlərin görülməsini istəyir. Bundan başqa, hüquqi müdafiə mexanizmlərinin qorunması və miqrasiya siyasətinin məhdudlaşdırıcı tədbirlərlə idarə edilməməsi fikri də gündəmdə qalır.

Aİ-nin miqrasiya məsələsində üzləşdiyi çətinliklərin kökündə məhz həmin iki yanaşmanın uzlaşdırılması dayanır. Üzv dövlətlər sərhədlərə nəzarətin gücləndirilməsinin vacibliyini qəbul etsələr də, bunun hansı mexanizmlərlə həyata keçiriləcəyi və miqrantların hüquqlarına necə təminat veriləcəyi barədə eyni mövqedə deyillər.

Sammitdəki fikir ayrılıqlarının ən aydın göründüyü istiqamətlərdən biri İspaniyanın miqrantlara hüquqi status verməsi siyasətidir. Madridin yanaşması ilə daha sərt miqrasiya nəzarətini müdafiə edən hökumətlərin mövqeləri arasındakı fərq Avropanın miqrasiya probleminə vahid cavab tapmaq imkanlarını məhdudlaşdırır. Avropa Parlamentinin Araşdırma Xidmətinin sammit ərəfəsində hazırladığı təhlildə də bəzi üzv dövlətlərin sənədsiz miqrantların leqallaşdırılmasını dəstəklədiyi, digərlərinin isə buna qəti şəkildə qarşı çıxdığı vurğulanır.

Sözsüz ki, mövcud ziddiyyət təkcə miqrantlara münasibətlə əlaqələndirməməlidir. Məsələnin arxasında əmək bazarının ehtiyacları, dövlətlərin sosial xidmətlərə ayırdığı resurslar, ictimai təhlükəsizliklə bağlı narahatlıqlar və hökumətlərin daxili siyasi hesablamaları dayanır. Bir qrup ölkə miqrantların hüquqi status almasını onların əmək bazarına və cəmiyyətə inteqrasiyasını asanlaşdıran vasitə kimi nəzərdən keçirir. Digər hökumətlər isə belə qərarların qanunsuz yollarla Avropaya gəlməyə təşviq yarada biləcəyindən ehtiyatlanır.

İspaniyanın mövqeyini qiymətləndirərkən ölkənin coğrafi vəziyyətini də nəzərə almaq lazımdır. Aralıq dənizi marşrutları və Şimali Afrikadakı Seuta anklavı İspaniyanı Avropanın xarici sərhədlərində miqrasiya təzyiqi ilə üzləşən dövlətlərdən birinə çevirir. Üstəlik, Madrid miqrasiya məsələsinə sərhədlərin qorunması prizmasından əlavə, miqrantların hüquqi və sosial vəziyyətinin tənzimlənməsi aspektindən yanaşır.

Bu ilin iyulunda yaşanan Seuta hadisəsi də göstərdi ki, miqrasiya təzyiqi ayrı-ayrı dövlətlərin milli imkanlarını aşan ölçülərə çata bilər. Hadisədən sonra Avropa ölkələrində sərhəd təhlükəsizliyi, miqrasiya axınlarının erkən müəyyənləşdirilməsi və böhran zamanı koordinasiyalı fəaliyyət məsələlərinə diqqət artıb. Eyni zamanda, bu cür böhranlar üzv ölkələrin bir-birindən fərqli siyasətlərini daha kəskin şəkildə üzə çıxarır. İspaniyanın qarşılaşdığı çətinliklər həm də Aİ-nin xarici sərhədlərin qorunması ilə bağlı ümumi məsuliyyət mexanizmlərinin nə dərəcədə işlək olduğunu müzakirəyə çıxarır.

Sammitin diqqət mərkəzində olan digər məsələ Aİ ərazisində qalmaq hüququ olmayan şəxslərin ittifaqdan kənarda yaradılacaq xüsusi mərkəzlərə göndərilməsi ideyasıdır. Bu mərkəzlər Avropa İttifaqında “return hubs” (qaytarılma mərkəzləri) adlandırılır. Məqsəd geri qaytarılma qərarı verilmiş şəxslərin Aİ-dən kənarda yerləşdirilməsi və onların mənşə ölkələrinə qaytarılması prosesinin təşkilidir. Aİ Şurası 2026-cı il oktyabrın 1-də qanuni qalmaq hüququ olmayan şəxslərin geri qaytarılmasını sürətləndirməyə yönəlmiş yeni qaydalara yekun razılıq verib. Qaydalar üzv dövlətlərə üçüncü ölkələrlə müvafiq razılaşmalar bağlamaqla qaytarılma mərkəzləri yaratmaq imkanı açır. Lakin belə mexanizmlərin tətbiqi beynəlxalq hüquqa və fundamental insan hüquqlarına riayət olunmasını tələb edir. Yeni mexanizmin tərəfdarları hesab edirlər ki, geri qaytarılma qərarlarının icrasındakı problemlər Aİ-nin miqrasiya siyasətinin etibarlılığına təsir göstərir. Avropa Şurasının məlumatına görə, ölkəni tərk etməsi tələb olunan şəxslərin təxminən üçdə ikisi faktiki olaraq tərk etmir. Həmin vəziyyət hökumətlərin qəbul etdiyi qərarlarla onların real icrası arasında ciddi fərq yaradır.

Qaytarılma mərkəzlərinin yaradılması məhz həmin boşluğu aradan qaldırmaq cəhdi kimi təqdim edilir. Halbuki Avropa ölkələri miqrantları qəbul etməyə razı olan üçüncü dövlətlərlə razılaşmalar əldə etməlidir. Həmin ölkələrin təhlükəsizlik vəziyyəti, hüquqi öhdəlikləri və bu prosesdə iştirak etmək marağı isə məsələnin nəticəsinə birbaşa təsir göstərəcək. Avropa Parlamentinin araşdırma materiallarında da qaytarılma mərkəzlərinin yaradılmasının maliyyə baxımından baha başa gələ biləcəyi, onların məhdud sayda şəxsi əhatə etməsi ehtimalı və hüquqi mübahisələrin yaranması riskləri qeyd olunur. İnsan hüquqları təşkilatlarının əsas narahatlığı isə Aİ-dən kənara göndərilən şəxslərin hüquqlarının praktikada necə qorunacağı ilə bağlıdır.

Göründüyü kimi, Brüsseldəki müzakirələrin əhəmiyyəti hansı ölkənin mövqeyinin qəbul ediləcəyi ilə ölçülməyəcək. Məsələ Aİ-nin milli maraqların toqquşduğu bir sahədə nə dərəcədə işlək, hüquqi cəhətdən əsaslandırılmış və üzv dövlətlərin icra etməyə hazır olduğu ortaq siyasət formalaşdıra bilməsidir. Miqrasiya məsələsində əldə olunacaq razılaşmanın gələcək sınağı isə qəbul edilən qərarların sənədlərdə deyil, real həyatda necə nəticə verəcəyindən asılı olacaq.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью