Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Təhlükəsizlik, yoxsa saxta humanizm?
Son on ildir ki, Avropa ardıcıl şəkildə miqrasiya təzyiqi ilə üzləşir. Xüsusilə 2015-ci ildə Yaxın Şərqdəki müharibələr, Afrikanın müxtəlif bölgələrində siyasi qeyri-sabitlik və iqtisadi problemlər milyonlarla insanı daha təhlükəsiz həyat axtarışına çıxmağa məcbur edib. Avropanın cənub sərhədlərində yerləşən ölkələr prosesin əsas yükünü daşıyan dövlətlərə çevrildi. Coğrafi mövqeyinə görə Yunanıstan həm Aralıq dənizi, həm də Türkiyə üzərindən Avropaya keçmək istəyən insanların ilk dayanacaqlarından biri oldu. Minlərlə insan Egey dənizi vasitəsilə bu ölkəyə daxil olur, daha sonra Avropa İttifaqının (Aİ) digər dövlətlərinə getməyə çalışırdı.
Miqrasiya axınının intensivləşməsi Yunanıstanın qəbul imkanlarını ciddi şəkildə sınağa çəkdi. Sığınacaq prosedurlarının uzanması, qəbul mərkəzlərində sıxlıq, maliyyə yükünün artması və yerli əhalinin narahatlığı hökumətləri daha sərt addımlar atmağa sövq etdi. Ona görə hakimiyyətə gələn mühafizəkar siyasi qüvvələr sərhəd nəzarətinin gücləndirilməsini və qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlərin görülməsini əsas prioritetlərdən biri elan ediblər. Elə bu günlərdə Yunanıstan parlamenti sığınacaq müraciəti rədd olunmuş şəxslərin daha sürətli deportasiyasını nəzərdə tutan yeni qanun qəbul etdi. Rəsmi Afinanın bu addımı Avropada miqrasiya siyasəti ətrafında gedən müzakirələrin yeni mərhələyə keçdiyini göstərdi.
Hökumətin Aİ-nin hüdudlarından kənarda “qayıdış mərkəzləri” yaratmaq ideyasını da gündəmdə saxlaması Avropada formalaşan daha sərt miqrasiya yanaşmasının tərkib hissəsi kimi qəbul edilə bilər. Sözügedən qərar qeyri-qanuni miqrasiyanın qarşısını almaq və dövlətin inzibati imkanlarını gücləndirmək məqsədi daşısa da, digər tərəfdən beynəlxalq hüquq və Avropanın uzun illər müdafiə etdiyi humanitar dəyərlər ətrafında yeni suallar yaradır.
Yeni qanunun məntiqi sığınacaq almaq hüququ əldə etməmiş şəxslərin ölkədə uzun müddət qalmasının qarşısını almaqdır. Hökumət hesab edir ki, müraciəti rədd olunmuş şəxslərin illərlə ölkə ərazisində qalması həm hüquqi sistemin fəaliyyətini çətinləşdirir, həm də qeyri-qanuni miqrasiyanı təşviq edən amilə çevrilir. Rəsmi Afinanın mövqeyinə görə, sığınacaq proseduru başa çatdıqdan və müraciət rədd edildikdən sonra həmin şəxslərin ölkədən çıxarılması daha operativ həyata keçirilməlidir. Bununla dövlət resurslarının daha səmərəli istifadə ediləcəyi və sığınacaq sisteminin etibarlılığının qorunacağı düşünülür.
Lakin insan hüquqları təşkilatları və bir sıra beynəlxalq qurumlar bu yanaşmanın potensial nəticələri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, deportasiya prosesinin sürətləndirilməsi fərdi işlərin hərtərəfli araşdırılması imkanlarını məhdudlaşdıra, bəzi hallarda şəxsin ölkəsinə qaytarılması onun təhlükəsizliyi üçün risk yarada bilər. Bu səbəbdən hüquq müdafiəçiləri sürət amilinin hüquqi təminatları zəiflətməməsinin vacibliyini vurğulayırlar.
Yunanıstan hökumətinin gündəmə gətirdiyi “qayıdış mərkəzləri” ideyasına gəldikdə, qərar Avropada daha geniş müzakirələrə səbəb olub. Konsepsiya mahiyyət etibarilə sığınacaq almaq hüququ qazanmayan şəxslərin Aİ-dən kənar ərazilərdə yerləşən xüsusi mərkəzlərdə saxlanılması və sonrakı deportasiya proseslərinin oradan həyata keçirilməsini nəzərdə tutur. Bu modelin tərəfdarlarının fikrincə, qeyri-qanuni miqrasiya marşrutlarının cəlbediciliyini azalda və Avropa ölkələri üzərindəki təzyiqi yüngülləşdirə bilər. Əleyhdarlar isə bunun məsuliyyətin üçüncü ölkələrə ötürülməsi anlamına gəldiyini və hüquqi baxımdan mürəkkəb problemlər yaradacağını bildirirlər.
Yeri gəlmişkən, Aİ-nin özündə də miqrasiya siyasətinin gələcəyi ilə bağlı ciddi dəyişikliklər baş verir. Uzun müddət üzv ölkələr arasında yükün bölüşdürülməsi, qaçqınların yerləşdirilməsi və sərhəd təhlükəsizliyi məsələlərində fikir ayrılıqları mövcud olub. Cənub ölkələri daha çox həmrəylik tələb etdiyi halda, bəzi şimal və şərq ölkələri əlavə miqrant qəbul etmək istəmədiklərini bildirirdilər. Son illər qəbul edilən yeni miqrasiya və sığınacaq paktları bu balansı yenidən qurmağa yönəlib. Bununla belə, praktiki səviyyədə əsas prioritetlərdən birinin qeyri-qanuni girişlərin azaldılması olduğu açıq şəkildə görünür.
Miqrasiya siyasətinin sərtləşdirilməsinə təsir edən əsas amillərdən biri də ictimai rəydə baş verən dəyişikliklərdir. Avropanın bəzi ölkələrində aparılan sorğular göstərir ki, vətəndaşların əhəmiyyətli hissəsi nəzarətsiz miqrasiyanın sosial xidmətlər, mənzil bazarı və əmək bazarı üzərində əlavə yük yaratdığını düşünür. Siyasi partiyalar da bu narahatlıqları seçki kampaniyalarında fəal şəkildə gündəmə gətirirlər. Nəticədə hökumətlər daha sərt siyasət tətbiq etməklə həm dövlət nəzarətini gücləndirmək, həm də seçicilərə problemlərin həll olunduğunu nümayiş etdirmək istəyirlər.
Bundan əlavə, Avropanın demoqrafik vəziyyəti daha mürəkkəb mənzərə yaradır. Əhalinin qocalması və işçi qüvvəsinin azalması bir çox ölkələrdə xarici əmək resurslarına ehtiyacı artırır. Bu səbəbdən hökumətlər bir tərəfdən qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmağa çalışarkən, digər tərəfdən qanuni miqrasiya kanallarını genişləndirmək istiqamətində siyasət həyata keçirirlər.
Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas
Artıq Avropa İttifaqına üzv dövlətlər öz daxili qanunvericiliyində miqrasiya siyasətini sərtləşdirməyə, miqrantlara münasibətdə müxtəlif məhdudiyyətlər tətbiq etməyə başlayıb. Ümumən Aİ-nin dəfələrlə digər dövlətlərin, həmçinin Rusiyanın miqrasiya siyasətində məhdudlaşdırıcı addımlar atmasına sərt münasibət göstərdiyinin şahidi olmuşuq. İndi Avropa özü bu cür addımları heç də onlardan az atmır. Yunanıstan kimi dövlətlərin bu istiqamətdə fəaliyyəti təsadüfi deyil. Aİ-nin cənub sərhədlərində yerləşən Yunanıstan Afrikadan və ərəb ölkələrindən Avropaya miqrasiya etmək istəyən şəxslərin əsas keçid nöqtələrindən biridir. Buna görə Yunanıstan bu prosesdə aktiv rol oynayır. Bu isə təbii olaraq Aİ-nin digər üzv dövlətlərinin istəyi ilə həyata keçirilən siyasətdir.
Ümumilikdə, hesab edirəm ki, belə addımlar Avropanın uzun illər təbliğ etdiyi dəyərlərlə ziddiyyət təşkil edir. İnsan hüquq və azadlıqları, demokratiya, hüququn aliliyi və digər prinsiplər insanların daha yaxşı həyat axtarmaq hüquqlarını da əhatə edir. Hazırda həmin hüquqların açıq şəkildə məhdudlaşdırıldığını müşahidə edirik. Əlbəttə, prosesə belə əsaslandırma gətirilə bilər ki, bu, Aİ-yə üzv dövlətlərin daxili siyasət məsələsidir. Lakin əgər onlar bütövlükdə dünyaya insan hüquqları və azadlıqları, demokratik dəyərlər barədə çağırışlar edirlərsə, o zaman həmin dəyərləri pozmamalıdırlar.
Bu cür addımların gələcəkdə dünyada daha ciddi problemlər yarada, Avropanın beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər. Görünür, onlar bu riskləri nəzərə alıblar. Çünki hazırda dünyada ciddi geosiyasi qarşıdurmalar və gərginliklər mövcuddur. Bu qarşıdurmalar fonunda, yəqin ki, nüfuza dəyəcək zərərin Avropa üçün o qədər də əhəmiyyət daşımadığı qənaətindədirlər. Yunanıstanın bu məsələdə xüsusi aktivliyini məhz onun coğrafi mövqeyi ilə əlaqələndirərdim. Aralıq dənizi sahillərində yerləşən Yunanıstan Avropanın cənub qapılarından biri hesab olunur. Həmin qapının bağlanması vasitəsilə Avropa İttifaqı öz məqsədini və miqrasiya siyasətindəki prioritetlərini açıq şəkildə ortaya qoymuş olur.
Nəzrin ELDARQIZI
XQ