Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq aləmdəki təsiri və nüfuzu, həmçinin xarici tərəfdaşlarla açıq və qarşılıqlı faydalı münasibətlər qurmaq qabiliyyətindən asılıdır. Bu məqsədlə, üçüncü ölkələrlə “Türk Dövlətləri Təşkilatı+” formatında sektoral nazir görüşləri ilə əməkdaşlığa başlamağı təklif edirəm. Bu dialoqlar ticarət, nəqliyyat, investisiya və digər prioritet sahələrdə konkret birgə layihələrin həyata keçirilməsinə yönəldilməlidir.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şövkət Mirziyayev Türk Dövlətləri Təşkilatının Türkiyədə keçirilən liderlər sammitində deyib.
Dövlət başçısı bildirib ki, təşkilata üzv ölkələr texnoloji əməkdaşlığı dərinləşdirməli və qlobal bazara birgə çıxmağımıza imkan verəcək sənaye əməkdaşlığını inkişaf etdirməlidir.
Şövkət Mirziyayev 100 strateji birgə investisiya və sənaye layihəsini əhatə edəcək “Türk Dünyası – 100” adlı bir proqramın qəbul edilməsi təklifini də verib:
“Türk İnvestisiya Fondundan və beynəlxalq maliyyə qurumlarından bu layihələrə resursların yönəldilməsi xüsusilə vacibdir”.
Özbəkistan prezidenti həmçinin qeyd edib ki, üzv ölkələrin beynəlxalq yükdaşımaları və logistikasında iştirakını genişləndirmək və iqtisadi marağı artırmaq üçün Orta Dəhlizi və digər bitişik nəqliyyat dəhlizlərini inteqrasiya olunmuş iqtisadi sistemə çevirməlidirlər: “Bu məqsədlə "Türk Dövlətlərinin Logistika Kompleksləri Şəbəkəsini yaratmağı və birgə idarə etməyi təklif edirik”.
Ş.Mirziyayev TDT-yə üzv dövlətlərə digər təklifini də verib:
“Əhalinin yükünü yüngülləşdirmək üçün vətəndaşların qarşılıqlı səyahətləri haqqında çoxtərəfli saziş hazırlamağı təklif edirik. Bu sazişdə şəxsiyyət vəsiqələrinə əsaslanan səyahət imkanlarının genişləndirilməsi, sərhədi keçmə və qəbul edən ölkənin ərazisində qalma prosedurunun sadələşdirilməsi məsələləri əks olunmalıdır”.