Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 29-da Ankaraya rəsmi səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində keçiriləcək ali səviyyəli danışıqların mərkəzində Türkiyə və Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi dayanır.
Görüşdə siyasi dialoqun inkişafı, ticarət dövriyyəsinin artırılması və iqtisadiyyatın prioritet sahələrində birgə əməkdaşlıq layihələrinin irəlilədilməsi əsas müzakirə mövzuları olacaq. Xüsusilə nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi, həmçinin mədəni-humanitar mübadilənin intensivləşdirilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.
Liderlər həmçinin beynəlxalq və regional gündəliyin aktual aspektləri barədə fikir mübadiləsi aparacaqlar. Danışıqların yekunu olaraq müxtəlif sahələri əhatə edən ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur. Proqram çərçivəsində hər iki ölkə rəhbərinin bir sıra humanitar tədbirlərdə də iştirakı gözlənilir.