Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi ilə tanış olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mirzoyanla birlikdə keçid məntəqəsində xaricdə akkreditə olunmuş Ermənistanın diplomatik nümayəndəliklərinin rəhbərləri də olublar.
Səfər zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan keçid məntəqəsinin təmiri və təchizatı üzrə görülən işlərin nəticələrini təqdim edib. O bildirib ki, “Marqara” keçid məntəqəsi istismara tam hazırdır.
Qeyd edək ki, sərhəd Ankara tərəfindən 1993-cü ildən bağlanıb. Ölkələr arasındakı münasibətlərin gərginliyinə Ankaranın Azərbaycanın Qarabağ məsələsində mövqeyini dəstəkləməsi və Osmanlı imperiyasında 1915-ci il hadisələrinin erməni soyqırımı kimi beynəlxalq səviyyədə tanınması prosesinə Türkiyənin sərt reaksiyası da daxil olmaqla bir sıra amillər səbəb olub.
2022-ci ilin yanvarında Moskvada Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin ilk görüşü keçirilib. Həmin vaxt Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç görüşüblər. Daha sonra Vyanada da bir sıra görüşlər keçirilib.
2022-ci il iyulun 1-də Vyanada Rubinyan və Kılıç arasında keçirilən görüşdə üçüncü ölkə vətəndaşlarının, eləcə də diplomatik pasport sahiblərinin Ermənistan-Türkiyə quru sərhədindən keçməsinə şərait yaradılması barədə razılıq əldə olunub. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.