Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində keçirilən "hökumət saatı" zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərinin Birinci və İkinci Qarabağ müharibələri dövründə itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi ilə bağlı İrəvana etdiyi çağırışlara münasibət bildirib.
Redaktor.az xəbər verir ki, deputat Sona Qazaryanın sualını cavablandıran Mirzoyan Bakının bu tələblərini radikal revanşist kütləvi informasiya vasitələrinin iddia etdiyi kimi "yeni tələb" hesab etmədiyini vurğulayıb.
Nazir etiraf edib ki, münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi hər iki tərəf üçün aktuallıq kəsb edən mühüm humanitar məsələdir.
Ermənistan XİN rəhbəri bildirib ki, itkin düşənlərin koordinatlarının müəyyənləşdirilməsi və məsələnin həlli iki ölkə rəhbərliyinin birbaşa diqqət mərkəzindədir. Mövzu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüşlərdə, eləcə də xarici işlər nazirləri səviyyəsində müntəzəm müzakirə olunur.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsindən bu yana 4 mindən çox azərbaycanlı itkin düşmüş hesab olunur və Azərbaycan tərəfi dəfələrlə Ermənistanı kütləvi məzar yerləri barədə dəqiq xəritələri və məlumatları təqdim etməyə çağırıb.
Aminə ŞAHSUVARQIZI