Mis 3 həftəlik ucuzlaşmadan sonra yenidən bahalaşıb

02.11.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 noyabr, AZƏRTAC

Texnologiya səhmləri bazarında kəskin enişin səngiməsi və neftin qiymətinin aşağı düşməsi qlobal iqtisadi artımla bağlı narahatlıqları azaldıb. Bu proseslər fonunda misin qiyməti son bir həftənin ən aşağı bağlanış səviyyəsindən yüksəlib.

AZƏRTAC xəbər verir ki, cümə günü 1,4 faiz azalaraq ardıcıl 3-cü həftəlik enişini qeydə alan misin qiyməti London Metal Birjasında bu gün 14 min 154 dollar civarındadır. Bazar ertəsi investorların risk iştahının bərpası fonunda Asiyanın əksər fond bazarlarında, eləcə də ABŞ səhmlərinin fyuçerslərində artım müşahidə olunub.

Son iki ay ərzində misin qiyməti bir ton üçün 14 min 500 dollar ətrafında nisbətən dar diapazonda dəyişib. İnvestorlar süni intellekt sahəsinə yönəldilən xərclərin davamlılığı, ABŞ-nin emal olunmuş mis idxalına gömrük rüsumları tətbiq etməsi ehtimalı və Yaxın Şərqdə hərbi gərginliyin artması riski kimi amillərlə bağlı qeyri-müəyyənliyi diqqətlə izləyirlər.

Bununla yanaşı, mədənlərdə təchizat məhdudiyyətlərinin güclənməsinə dair əlamətlər də misin qiymətinə müəyyən dəstək verir. Belə ki, Çilidə mis istehsalı son rübdə azı son 20 ilin ən aşağı səviyyəsinə düşüb. Ölkə gələn il istehsalda yalnız mülayim artım gözləyir.

Analitiklər bildiriblər ki, qlobal iqtisadi artım dayanıqlılığını qoruduğu təqdirdə mis bazarında mövcud struktur təchizat çatışmazlığı qiymətlərin yüksəlməsi riskini gücləndirir. Digər sənaye metallarının qiymətlərində isə fərqli dinamika qeydə alınıb. Belə ki, alüminium 0,5 faiz ucuzlaşıb, sinkin qiyməti dəyişməyib, nikel isə 1,3 faiz bahalaşıb.

Qeyd edək ki, “Deutsche Bank” gələn ilin ikinci rübündə misin bir tonunun qiymətinin 22 min 50 dollar, 2027-ci il üzrə orta qiymətin 20 min 900 dollar, 2028-ci ildə isə 18 min 500 dollar olacağını gözləyir.

Qlobal mis ehtiyatları yüksək olaraq qalır. Beynəlxalq bazarlarda əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır.

Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью