Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanovun Bakı Dövlət Universitetinin (BDU) Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqləndiyi bildirilir. Daha əvvəl isə onun BDU-nun Hesablama riyaziyyatı kafedrasında AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı əvəzləyəcəyi iddia edilirdi.
Misir Mərdanov Globalinfo.az-a açıqlamasında yeni vəzifəyə təyin edilməsi haqda xəbərləri təkzib edib.
O bildirib ki, bir müddət əvvəl özünün R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın yerinə təyin edilməsi haqda xəbərlər yayılmışdı.
“Məsələ burasındadır ki, Q.Mehdiyeva vaxtilə Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiri olub. Təxminən 2-3 il əvvəl həmin vəzifəyə AMEA-nın müxbir üzvü Vaqif İbrahimov təyin olunub və hazırda da kafedraya məhz o rəhbərlik edir”.
M.Mərdanov bir neçə gün öncə kafedra müdiri təyin olunması haqda xəbərlərə də münasibət bildirib:
“Təxminən 20 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin Ali riyaziyyat kafedrasının müdiriyəm. Universitetdə idarəetmənin optimallaşdırılması məqsədilə uyğun kafedraların birləşdirilməsi istiqamətində islahatlar aparılır. Nəticədə ötən il Ali riyaziyyat kafedrası ilə Riyaziyyatın tədrisi üsulları kafedraları birləşdirilib. Hazırda mən bu birləşmiş kafedranın müdiri vəzifəsində çalışıram”.