Misir Mərdanovdan islahat ANONSU Məzunlara MÜJDƏ

10.09.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər”.

Bu sözləri Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanov "Pozan" layihəsinə müsahibəsində deyib.

O, universitetlərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin MİQ imtahanına hazırlanması ilə bağlı problemlərin olduğunu bildirib: “Məsələn, indi MİQ imtahanı keçirilir. Dövlət İmtahan Komissiyası bu şəxsə müəllimlik ixtisası üzrə diplom verir, sonra həmin şəxs gedib yenidən MİQ imtahanı verir. Elə MİQ imtahanını da burada keçirin. Amma tələbəni də MİQ-ə hazırlayın da. MİQ-də verilən sualların heç birindən tələbənin xəbəri yoxdur. Mən dördüncü kurs tələbələri ilə görüşmüşəm. Deyirlər ki, ya özəl məktəblərə gedəcəyik, çünki orada MİQ imtahanı yoxdur, ya da başqa sahəyə. MİQ imtahanından da ona görə keçə bilmirlər ki, həmin sualları öyrənməyiblər”.

M. Mərdanov BDU-nun tədris planında dəyişiklik etmək üçün artıq 6 aydır çalışdığını, lakin bu istiqamətdə müəyyən çətinliklərin olduğunu bildirib.

Dövlət universitetləri ilə özəl ali təhsil ocaqlarının bu məsələdə niyə fərqi meydana çıxıb?

Dosent İlham Əhmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “BDU kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanovun “Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır” fikri Azərbaycan ali təhsilinin mühüm problemlərindən birinə toxunur. Bu fikir ilk baxışda tələbələrin universitetdən xaric edilməsinin çətinləşdirilməsi məsələsi kimi görünə bilər, lakin problemin mahiyyəti daha dərindir. Universitet diplomu əmək bazarında tələb olunan peşə səriştələrinin formalaşmasına zəmanət verirmi? Əvvəla, ali təhsil sistemində xeyli problemlər var ki, 30-35 il ərzində həll edilməyib, qalaqlanıb. Faktiki olaraq təhsil sistemimiz işlək halda deyil. Bu gün ali təhsil sistemimiz, donmuş kompüter halındadır, onu yenidən start etməliyik. Bu problemləri illər ərzində deyən, yazan ekspertlər olub, amma onları eşidən nazirlər olmayıb. Elə Misir müəllim də heç vaxt təklifləri eşitməyib. Amma indi bu problemlərə daha dərindən müdaxilə etdikcə, o problemləri görür. Bu gün Misir müəllimin qaldırdığı problemlərin bir qismi elə onun nazir olduğu vaxtda yaranıb. O cümlədən MİQ imtahanı, kurikulum bəlası, dərslərin başlanmasının 15 sentyabra keçirilməsi və s.“

Dosent hesab edir ki, təcili olaraq ölkədə beyin mərkəzi rolunu oynaya biləcək “Təhsil sistemi analitik tədqiqat mərkəzi” yaradılmalıdır: “Bunu ARTİ-nin indiki bazasında yaratmaq mümkün deyil. Çünki son 10 ildə ARTİ elmi mərkəz kimi məhv edildi. Bu yeni yaranacaq beyin mərkəzinə ənənə üzrə olduğu kimi, çaysatanlar, şərabsatanlar, dost-tanışlar, yerlilər və qohum-əqrəba yox, bu sahədə söz deyən, ideya verən, şəxsi yox, milli mənafeyi düşünən, dünya təcrübəsini bilən peşəkar kadrlar cəlb edilməlidir. Davamı ilə təhsil sistemində ciddi kadr islahatları aparılmalıdır: ETN-dən üzü aşağıya.

Qalan digər məsələlər, strategiyalar, proqramlar v.s. hazırlanması sonrakı mərhələdə reallaşa bilər. Əks halda sabah təhsilin durumu indikindən də pis olacaqdır. Bu konseptual problemləri həll etmədən təhsildə heç bir inkişaf mümkün deyil. Konkret olaraq Misir müəllimin qaldırdığı məsələyə dair də bəzi fikirlər bildirmək istəyirəm. Müasir ali təhsildə diplom sadəcə tələbənin müəyyən sayda fənni dinlədiyini və imtahanlardan keçdiyini təsdiq edən sənəd olmamalıdır. Diplom konkret ixtisas standartı üzrə uyğun bilik, bacarıq, peşə səriştəsi və müstəqil fəaliyyət qabiliyyətinin əldə edildiyini təsdiqləməlidir. Əgər müəllimlik ixtisasını bitirən məzun sonradan müəllim olmaq üçün ayrıca imtahanda universitetdə öyrənmədiyi məzmunla qarşılaşırsa, burada yalnız MİQ problem deyil, ali təhsil proqramı ilə peşə fəaliyyətinin tələbləri arasında sistemli uyğunsuzluğu görmək lazımdır”.

İlham Əhmədova görə, məsələnin ən ciddi tərəfi budur ki, universitet diplomu ilə əmək bazarının tələbi arasında “ikinci filtr” yaranır: “Universitet tələbəyə diplom verir, dövlət isə həmin diplomun sahibindən yenidən peşəyə giriş imtahanı tələb edir. Əlbəttə, müəllim seçiminin obyektiv və rəqabətli olması üçün MİQ kimi mexanizmlərin müəyyən funksiyası ola bilər. Amma bu imtahan universitet məzununun əldə etməli olduğu fundamental və peşə səriştələrini yoxlayırsa, onda sual yaranır ki, bu səriştələr niyə dördillik ali təhsil müddətində formalaşdırılmayıb?

Burada dövlət və özəl universitetlər arasındakı fərqi də düzgün qiymətləndirmək lazımdır. Özəl universitetlərdə əmək bazarının tələbinə daha çevik reaksiya vermək, kurikulumu dəyişmək, yeni fənlər yaratmaq, işəgötürənlərlə əməkdaşlıq etmək və tələbənin karyera nəticəsini universitetin reputasiyasının bir hissəsi kimi qəbul etmək daha asan ola bilər. Dövlət universitetlərində isə proqramların dəyişdirilməsi çox zaman daha mürəkkəb inzibati prosedurlar, müxtəlif razılaşdırmalar və mövcud akademik strukturla bağlı məhdudiyyətlərlə üzləşir. Lakin bunu “özəl universitetlər yaxşı, dövlət universitetləri pisdir” kimi sadələşdirmək düzgün olmaz. Əsas fərq mülkiyyət formasında deyil, idarəetmə çevikliyində, keyfiyyət məsuliyyətində və nəticəyə əsaslanan akademik mədəniyyətdədir. Digər tərəfdən, özəl universitetlərin üstünlüyünü avtomatik qəbul etmək olmaz. Əgər keyfiyyət təminatı zəifdirsə, kommersiya marağı akademik tələbləri üstələyə bilər. Deməli, həm dövlət, həm də özəl universitet üçün əsas prinsip eyni olmalıdır: diplom yalnız real səriştələrin sübutu olduqda dəyərli olmalıdır. Bu baxımdan ali təhsildə “giriş–təhsil–çıxış” modelinə yenidən baxmaq lazımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью