Misir müəllimin üstünlüyü

02.10.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Misir müəllimin – hörmətli professorumuz Misir Mərdanovun 80 yaşı tamam olduğu bu günlərdə onun barəsində düşündüm. O, uzun müddət Azərbaycanın təhsil naziri vəzifəsində çalışdı və nazir olduğu dövrdə mətbuata, ictimaiyyətə açıq yüksək vəzifəli məmur kimi yadda qaldı.

Yadımdadır, o dövrdə mətbuat nümayəndələri mənə yüksək vəzifəli məmurlardan müsahibə almaq istəklərini bildirəndə, çox vaxt soruşurdum: “Hansı məmurlarla müsahibələr etmək istəyirsiniz?” Cavablar adətən eyni olurdu və hamı ilk növbədə Misir müəllimin adını çəkirdi. Deyirdim: “Yaxşı, Misir müəllim bir. Ola bilsin, lap ikincisini də tapdın. Bəs sonra nə olacaq? Axı məmurların böyük əksəriyyəti mətbuata açıq deyil”.

O zamanlar Misir müəllim bütün jurnalistlər üçün əlçatan idi. Həm də təkcə jurnalistlər üçün yox, sadə insanlar üçün də. Səhərlər çıxıb dəniz kənarında gəzirdi. Sözü olan, qəbuluna düşə bilməyən adamlar onu elə oradaca saxlayıb dərdlərini, problemlərini, xahişlərini ayaqüstü çatdıra bilirdilər. Misir müəllim ona üz tutan insanları naümid geri qaytarmır, əlindən gələn köməyi əsirgəmirdi. Bəlkə də elə buna görə istər nazir işlədiyi dövrdə, istərsə də sonralar ictimaiyyət arasında rahat və başıuca gəzə bilirdi. Çünki onun insanların qarşısına çıxanda başını dik tutmağa həmişə haqqı olub.

Misir müəllim nazirlikdən ayrıldıqdan sonra da dinamik, fəal həyatını davam etdirir. Mən insanların yaşlarının bu çağında göstərdikləri fəallığa, həyat və yaradıcılıq enerjisinə həmişə xüsusi hörmət-ehtiramla yanaşmışam. Xalq yazıçısı Anarın, tarix elmləri doktoru Həsən Həsənovun, eləcə də Misir müəllimin timsalında bunun canlı nümunəsini görürəm. Bu insanlar yaşlarından asılı olmayaraq yaradıcılıq şövqü ilə çalışır, böyük ehtiras və əzmlə yazıb-yaradırlar.

Neçə il əvvəlin söhbətdir. Bir gün Naxçıvana yubiley tədbirinə getmişdik. Elektron poçt və bu kimi texnologiyalar yeni-yeni yayılırdı. Misir müəllim söhbət əsnasında dedi ki: “Yeni texnologiyaları mənimsəmək vacibdir, mən özüm də bunlardan istifadə edirəm, mənim öz elektron poçtum var”.

Misir müəllim indinin özündə də sosial mediadan, Feysbukdan fəal istifadə edir. Hətta bir dəfə soruşdum, Feysbuk səhifəsini özünün idarə etdiyini dedi.

Öz maşınını özü sürür, tədbirlərə də o maşınla gedir. Deməyim odur ki, Misir müəllim gəncdir, dinamikdir, daim hərəkətdədir. Məncə, bu, xeyli dərəcədə onun mənəvi keyfiyyətləri, həyata münasibəti və daxili inamı ilə bağlıdır.

Tanınmış riyaziyyatçılar, fiziklər, alimlər haqqında tez-tez məqalələr yazır. Bu yazıları “525-ci qəzet”in səhifələrində mütəmadi görürük. Eyni zamanda Azərbaycan yazıçıları, şairləri və ziyalıları haqqında yazdığı məqalələrlə də bizi təəccübləndirir. Onun professor Ədalət Tahirzadə ilə birlikdə ötən əsrdə xaricdə təhsil almış azərbaycanlılar haqqında hazırladığı, bir neçə cilddən ibarət əsəri də, məncə, təhsil tariximizə mühüm töhfədir.

Misir müəllim həm də çox rahat adamdır, umu-küsüdən, kin-küdurətdən uzaqdır. Onun hadisələrə, insanlara pozitiv münasibəti həmişə diqqətimi çəkib. Dediyimə qüvvət, bu günlərdə bir müsahibəsində vəzifədən sonrakı münasibətlərə toxunarkən bunu həyatın təbii tərəfi kimi qəbul etdiyini deyirdi: “Vəzifədən ayrıldıqdan sonra insan bəzi münasibətlərin dəyişdiyini hiss edir. Vəzifədə olanda çevrəniz geniş görünür, müraciət edənlərin, görüşmək istəyənlərin sayı çox olur. Sonra anlayırsan ki, onların bir qismi sənin özünlə, bir qismi isə tutduğun vəzifə ilə maraqlanırmış. Bunu həyatın təbii tərəfi kimi qəbul edirəm, heç kimdən inciklik saxlamıram. Məni sevindirən odur ki, illər keçsə də, səmimi münasibət qurduğum insanlar yanımdadır”.

Bəlkə də Misir müəllimin bu qədər gümrah qalmasının səbəblərindən biri də məhz budur: o, keçmişə incikliklə deyil, həyatın təbii axarı kimi baxır.

Mən 80 illik yubileyi münasibətilə hörmətli Misir müəllimi ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür və bol-bol yaradıcılıq enerjisi arzulayıram.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью