Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İslam Məsələləri üzrə Ali Şuranın təşkilatçılığı ilə keçirilən “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi” mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşüb.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da iştirak edib.
Misir Prezidenti bildirib ki, bu tədbir ekstremist ideologiyalara qarşı mübarizədə vahid yanaşmaların formalaşdırılmasına, dini qurumların cəmiyyətin sabitliyi və təhlükəsizliyinin təminində rolunun gücləndirilməsinə xidmət edir.
O qeyd edib ki, konfrans müasir çağırışlar fonunda dini təbliğatda rəqəmsal vasitələrin imkanlarının müzakirəsi üçün mühüm platformadır.
Əbdülfəttah əs-Sisi Konfrans çərçivəsində aparılan müzakirələrin İslam dünyasının nüfuzunun artırılmasına, alimlərin yetişdirilməsinə və İslamın düzgün anlaşılmasının təşviqinə xidmət etdiyini bildirib.
Qeyd edək ki, 60 ölkədən 185 qonağın qatıldığı beynəlxalq konfransın məqsədi ekstremist ideologiyalara qarşı vahid strategiyalar hazırlamaq, dini qurumların cəmiyyətin sabitliyinin təminində rolunu müzakirə etmək və müasir təşviqatda rəqəmsal vasitələrdən istifadə yollarını araşdırmaq olub.
Konfrans Misir Prezidentinin himayəsi altında keçirilir, İslam Məsələləri üzrə Şura və Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunur.