Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misir və Suriya təxminən 15 ildir dayandırılmış birbaşa uçuşların bərpası üçün protokol imzalayıblar.
525.az xəbər verir ki, bu barədə Misir Mülki Aviasiya Nazirliyi açıqlama yayıb. Bildirilib ki, protokol Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 43-cü Fövqəladə Baş Assambleyası və 7-ci Dünya Hava Nəqliyyatı Konfransı (ATConf/7) çərçivəsində imzalanıb.
16 noyabrda Kanadanın Monreal şəhərində başlayan tədbirlər zamanı imzalanan protokol, 2011-ci ildən bəri dayandırılan iki ölkə arasında birbaşa uçuşların bərpasını hədəfləyir.
Bəyanatda qeyd olunur ki, protokol mülki aviasiya sahəsində əvvəlki müzakirələrdən sonra imzalanıb.
Misir mülki aviasiya naziri Samih əl-Hafni və Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin rəhbəri Ömər əl-Husri imzalanma mərasimində iştirak ediblər. Bəyanatda qeyd olunur ki, protokol iki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlıq və koordinasiya çərçivəsini müəyyən etməyi, o cümlədən texniki məlumat və təcrübə mübadiləsini artırmağı, iş mexanizmlərini və mövcud prosedurları təkmilləşdirməyi hədəfləyir.
Xatırladaq ki, Misir və Suriya arasında müntəzəm birbaşa uçuşlar 2011-ci ildə Suriyada xalq etirazlarına qarşı Bəşər Əsəd rejiminin müdaxiləsi ilə başlayan münaqişələrdən sonra dayandırılıb.
İbrahim Cəfərov