Misirdə 3 min illik qədim məzar aşkarlandı

13.07.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Misirin Luksor şəhəri yaxınlığında təxminən 3 min il yaşı olan qədim məzar aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyinə istinadən CBS News məlumat yayıb.

Məlumata görə, məzar Paser adlı şəxsə məxsusdur. O, Leyden Universitetinin niderlandlı arxeoloqları tərəfindən Luksorun qərb sahilində yerləşən Şeyx Əbd əl-Qurna nekropolunda aşkar edilib.

Mütəxəssislərin fikrincə, məzar Ramessidlər dövrünə – Misirin XIX və XX sülalələrinin hakimiyyəti illərinə aiddir. Arxeoloqlar daxili həyətdə yaxşı qorunmuş bir neçə memarlıq elementi, o cümlədən çiy kərpicdən hazırlanmış oturacaq və girişə aparan maili panduslu pilləkən aşkar ediblər.

Məzarın içərisindəki yazılarda Paserin müxtəlif tanrılara ibadət etdiyi, həmçinin həyat yoldaşı ilə birlikdə qurban süfrəsi önündə əyləşdiyi təsvir olunub.

Tədqiqatçılar məzarda dəfn olunan şəxsin kimliyini dəqiqləşdirmək və tapıntının tarixi kontekstini daha ətraflı öyrənmək üçün araşdırmaları davam etdirəcəklər.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью