Misirdə 3 minillik məbəddə Günəş möcüzəsi

23.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Misirin cənubundakı Abu-Simbel məbədində minilliklərdir davam edən nadir astronomik hadisə oktyabrın 22-də yenidən müşahidə olunub.

“Associated Press” (AP) agentliyinin məlumatına görə, yüzlərlə turist və yerli sakin sübh tezdən II Ramzesin Böyük məbədinə toplaşaraq Günəş şüalarının məbədin qaranlıq daxili zalına daxil olmasını izləyib. Bəzi ziyarətçilər bu anı görmək üçün gecəni məbədin yaxınlığında keçiriblər.

Hadisə zamanı Günəş şüaları məbədin girişindən başlayaraq təxminən 60 metr uzunluğunda dəhliz və zallardan keçərək müqəddəs məkana çatıb. Təxminən 20 dəqiqə davam edən işıqlanma nəticəsində firon II Ramzesin, eləcə də qədim Misir tanrıları Amun-Ra və Ra-Horaktinin heykəlləri işıqlandırılıb. Qaranlıqla əlaqələndirilən Ptah tanrısının heykəli isə kölgədə qalıb. Bu mənzərə qədim misirlilərin Günəşin hərəkətini müşahidə etmək və astronomik bilikləri memarlıqda tətbiq etmək bacarığının diqqətçəkən nümunəsidir.

Bu hadisə ilk dəfə baş vermir. Təxminən 3 min 300 il əvvəl inşa edilmiş məbəddə Günəş şüalarının müqəddəs məkana düşməsi hər il iki dəfə — oktyabrın 22-də və fevralın 22-də müşahidə olunur. Bu tarixlərin ənənəvi olaraq II Ramzesin taxta çıxması və doğum günü ilə əlaqəli olduğu ehtimal edilir. Hadisə qədim Misir irsinə maraq göstərən turistləri, fotoqrafları və tədqiqatçıları Abu-Simbelə cəlb edir. Bu il də məbədin qarşısında ənənəvi musiqi və rəqs çıxışları təşkil olunub.

Məbədin günümüzədək qorunub saxlanılması da ayrıca mühəndislik uğurudur. 1960-cı illərdə Asuan bəndinin tikintisi və suyun səviyyəsinin yüksəlməsi nəticəsində abidənin su altında qalma təhlükəsi yarandığından arxeoloqlar və mühəndislər məbədi hissələrə ayıraraq daha yüksək əraziyə köçürüblər. Köçürülmə zamanı onun Günəşə nəzərən istiqaməti qorunub ki, minilliklər əvvəl nəzərdə tutulan işıqlanma hadisəsi bu gün də baş versin. Beləliklə, Abu-Simbel məbədi həm qədim misirlilərin astronomiya və memarlıq biliklərini, həm də dünya mədəni irsinin qorunması istiqamətində görülən işlərin əhəmiyyətini nümayiş etdirir.

Hazırladı:
S.Rzayeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью