Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Misirdə yanacaq daşıyan yük maşınının iştirakı ilə baş verən qəza nəticəsində 21 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Egyptian Gazette” nəşri ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadən yazıb.
Məlumata görə, neft məhsulları və qaz balonları daşıyan yük maşını yoldan çıxaraq beton səddə çırpılıb və aşıb. Qəzadan sonra ərazidə güclü yanğın başlayıb.
Hadisə Giza əyalətinin Əl-Varak rayonunda, 10 nömrəli tunelin üzərindəki dairəvi yolda baş verib.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, xilasetmə və tibbi yardım tədbirlərinə 39 təcili tibbi yardım avtomobili cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Səhiyyə naziri Xalid Abdel Qaffar ərazidəki xəstəxanalara hazırlıq səviyyəsini artırmağı tapşırıb. O, nazirliyin vəziyyəti diqqətlə izlədiyini və zərərçəkənlərə tibbi yardım göstərilməsi üçün yerli hakimiyyət orqanları ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərdiyini bildirib.
Xədicə BAXIŞLI