Misirin “Məkkə sazişi”nə qoşulmamasının ilginc səbəbi

14.08.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanı Misirin ötən həftə Türkiyə və Pakistanla imzalanmış təhlükəsizlik paktına qoşulmasına qarşı çıxıb. 

Ankara isə Qahirənin sazişə qoşulmasında israr edib.

“Cebheinfo.az”-ın məlumatına görə, “Middle East  Eye” nəşri bu barədə danışıqlardan xəbərdar olan mənbələrə istinadən açıqlama yayıb. 

Səudiyyə krallığının keçmiş baş müşaviri bildirib ki, Ər-Riyad Misirin ən azı hazırkı mərhələdə razılaşmaya qoşulmasını istəmir. 

Qeyd edilir ki, Səudiyyə Ərəbistanının mövqeyi Əbdül Fəttah əs-Sisi hökumətinə qarşı artan məyusluqdan və Ər-Riyadda Misirin artıq əvvəlki strateji və ya hərbi dəyərə malik olmamasından qaynaqlanır. 

Səudiyyə Ərəbistanının Misirin üzvlüyünə qarşı çıxmaq qərarı Ər-Riyad və Qahirə arasında gərginliyin artması ilə izah edilir. Belə ki, krallıq 2013-cü ildə baş verən çevrilişlə hakimiyyəti ələ keçirdikdən sonra əl-Sisi hökumətinin ən böyük maliyyə dəstəkçisi olub və əvvəlcə Misirin zəifləyən iqtisadiyyatını dəstəkləmək üçün təxminən 25 milyard dollar xərcləyib.

Lakin Ər-Riyad əsas təhlükəsizlik məsələlərində qarşılıqlı dəstəyin olmamasından narazı qalıb. Buna səbəb Səudiyyə Ərəbistanının Yəməndəki husilərlə uzunmüddətli müharibəsində Misirin minimal və etibarsız rol oynaması və ABŞ-İsrail müharibəsi zamanı İrana qarşı mövqeyi olub.  

Mənbə qeyd edir ki, Qahirənin Birləşmiş Ərəb Əmirliklərinə tabe olması Səudiyyə Ərəbistanını narahat edir.
Xüsuilə Yəmənin cənubundakı Səudiyyə Ərəbistanının milli təhlükəsizliyini və maraqlarını təhdid edən separatçı qruplara dəstəyi Ər-Riyadla Əbu-Dabi arasında fikir ayrılığına səbəb olub.

Misir İranın hücumlarına cavab olaraq Əbu-Dabiyə hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələr göndərməsinə, əs-Sisinin müharibə zamanı BƏƏ Prezidenti Məhəmməd bin Zayedlə bir neçə dəfə görüşməsinə baxmayaraq, Səudiyyə Ərəbistanına qarşı belə bir addım atılmayıb.

Ona görə də Ər-Riyad Misir Prezidentinin Əbu-Dabi ilə əlaqəsindən getdikcə daha çox narahat olmağa başlayıb.
Bütün bunlar Səudiyyə Ərəbistanının BƏƏ-nə yönılik siyasətinin Misirin strateji maraqları ilə ziddiyyət təşkil etməsi ilə bağlıdır.

Söhbət BƏƏ-nin Somalilanddakı iştirakı, İsraillə strateji münasibətləri, Böyük İntibah Bəndi ilə bağlı mübahisə zamanı Efiopiyaya dəstəyi və Sudandakı Sürətli Dəstək Qüvvələrinə dəstəyindən gedir.

Qahirənin Əbu-Dabi ilə davam edən əməkdaşlığı Səudiyyədə Misirin strateji tərəfdaş kimi etibarlılığına  şübhələri artırıb. 

Türkiyə mənbələrinin məlumatına görə, Ankara Misirin müqaviləyə daxil edilməsi üçün əhəmiyyətli səylər göstərib və rəsmi olaraq onun iştirakını təklif edib.

Amma Qahirənin pakta daxil olmayacağı aydın olduqda digər ölkələr qoşulmadan davam etmək qərarına gəliblər. Lakin Səudiyyə mənbələri Misirin özünün müqavilədən imtina etdiyinə dair iddianı təkzib edərək bunu “gülünc” adlandırıb.

Sabiq müşavir bildirib ki, Səudiyyə Ərəbistanının qərar qəbul edənləri əs-Sisinin sədaqəti ilə bağlı ciddi narahatlıq keçirirlər və ona Türkiyə və Pakistan liderləri qədər etibar etmirlər. 

“The Economist” isə Qahirənin “Məkkə sazişi”ndən kənarda qalmasını Misirin regionda rolunun azalması ilə əsaslandırır.

Uzun müddətdir özünü regional nizamın dayağı kimi təqdim edən Misir vasitəçi və hərbi güc kimi kənarda qalıb.
Qeyd edilir ki, onilliklər boyu Körfəz ölkələrinin mərkəzi hərbi tərəfdaşı olan Misir əs-Sisinin hakimiyyəti dövründə xarici maliyyə dəstəyindən asılı vəziyyətə düşüb.

Nəticədə Misirin regional təhlükəsizlik məsələlərində əldə etdiyi fayda azalıb. Ona görə də Səudiyyə Ərəbistanı Türkiyə ilə yaxınlaşmanı Misirlə münasibətlərdən daha vacib və etibarlı hesab edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью