Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir.
Misofoniya müəyyən səslərə qarşı həddindən artıq emosional reaksiyaların yaranması ilə xarakterizə olunur. Bu vəziyyətdən əziyyət çəkən insanlar üçün adi hesab edilən səslər belə ciddi narahatlıq mənbəyinə çevrilə bilər.
Çeynəmə, udma, nəfəs alma, burun çəkmə, öskürmə, xoruldama, qələm tıqqıldatması və barmaqla masaya vurma kimi səslər misofoniyası olan şəxslərdə güclü qıcıqlanma və emosional gərginlik yarada bilər.
Vəziyyətin əlamətləri yalnız səslərə qarşı həssaslıqla məhdudlaşmır. Bəzi hallarda insanlar narahatlıq yaradan səslərin olduğu mühitdən uzaqlaşmağa, müəyyən sosial situasiyalardan qaçmağa başlayırlar. Bu isə onların gündəlik həyatına və şəxslərarası münasibətlərinə mənfi təsir göstərə bilər.
Misofoniyanın dəqiq yaranma səbəbləri tam müəyyənləşdirilməyib. Bu vəziyyətin eşitmə qavrayışı və beynin səsləri emal etməsi ilə əlaqəli mexanizmlərlə bağlı olduğu düşünülür. Misofoniyanı sadəcə səs-küyə dözümsüzlüklə eyniləşdirmək düzgün deyil.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, misofoniyanın müalicəsi 2 saylı Klinik Psixiatriya Xəstəxanası və Psixi Sağlamlıq Mərkəzində həyata keçirilir.
Qeyd edək ki, əlamətlərin şiddəti və gündəlik həyata təsiri insandan-insana dəyişə bilər. Səslərə qarşı həssaslıq uzun müddət davam edir və sosial həyata mənfi təsir göstərirsə, müvafiq mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Vüsal Artyom
KONKRET.az