Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. “Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır.
Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır.
Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir”.
Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, həyata keçirilən səmərəli xarici siyasət kursu dövlətimizin qüdrətini artıran əhəmiyyətli faktor kimi çıxış edir.
Nəzərə almaq lazımdır ki, müasir dövrdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir.
Bu kontekstdə qeyd edə bilərik ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır.
Azərbaycanın xarici siyasəti məhz müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir.