Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“MJ Finance Bank Olmayan Kredit Təşkilatı” ASC ümumi dəyəri 6 milyon manat olan istiqrazların yerləşdirilməsinə hazırlaşır.
Marja.az BOKT-nin baza emissiya prospektinə istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 60 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan ibarətdir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 16% təşkil edəcək. Faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay ödəniləcək.
Qiymətli kağızların tədavül müddəti 18 ay olacaq. İstiqrazların nominal dəyəri müddətin sonunda sonuncu faiz ödənişi ilə birlikdə investorlara qaytarılacaq.
Emissiya təminatsız həyata keçiriləcək. Həmçinin “MJ Finance” istiqrazların tədavül müddəti ərzində onları geri almaq öhdəliyi götürmür.
İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında hərrac üsulu ilə aparılacaq. Buraxılışın əsas anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, digər anderrayteri isə “Troni İnvestisiya Şirkəti” QSC-dir.
BOKT emissiya hesabına cəlb olunacaq vəsaiti kredit məhsullarına artan tələbin qarşılanmasına və mənfəət gətirən layihələrə investisiya yatırılmasına yönəltməyi planlaşdırır.
Abunə və yerləşdirmə tarixləri emissiya prospekti Azərbaycan Mərkəzi Bankında dövlət qeydiyyatına alındıqdan sonra açıqlanacaq.