MMU ilə ABŞ nin hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir

02.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 noyabr, AZƏRTAC

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetində və Yaxın Şərq - Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzində olub.

Keçirilən görüşlərdə hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, peşəkar hərbi təhsilin müasir çağırışlara uyğunlaşdırılması, strateji liderlik və müdafiə sahəsində insan kapitalının inkişafı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

General-mayor G.Əbdülov MMU-da həyata keçirilən islahatlar, o cümlədən səriştəəsaslı təhsil modelinin tətbiqi, müasir zabit hazırlığı sisteminin təkmilləşdirilməsi, xidmətboyu təhsil konsepsiyası və hərbi təhsilin beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Görüşlər zamanı tərəflər birgə akademik təşəbbüsləri, o cümlədən professor-müəllim heyətinin peşəkar inkişafı və mübadiləsi məsələlərini nəzərdən keçiriblər.

Həmçinin akademik kursların kurikulumlarının təhlili və peşəkar çavuş sisteminin inkişaf etdirilməsi diqqət mərkəzində olub.

Görüşdə süni intellekt vasitəsilə hərb oyunlarının hazırlanması və digər maraq doğuran məsələlər üzrə qarşılıqlı əməkdaşlıq imkanları geniş müzakirə edilib.

Yekunda nəzərdə tutulan fəaliyyətlərin icrası barədə razılıq əldə olunub.

Qeyd edək ki, bu cür görüşlər peşəkar hərbi təhsil sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından yüksək əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью