Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Oxu.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə son söz demək imkanı verilib.
General-mayor Nizami Məmmədov son söz zamanı özünü qismən təqsirli bilib.
O, mənimsənilən məbləğlərlə bağlı müəyyən ittihamları qəbul etməyib. General vurğulayıb ki, Məlikməmməd Qurbanovdan 800 min manat almayıb.
O qeyd edib ki, ittihamda olan 143 milyon manatlıq məbləğ şişirdilib: "Mənə verilən məbləğin üzərimə düşən hissəsini geri qaytarmışam", - deyə o bildirib.
Daha sonra Bayram Bayramov da son söz deməklə özünü qismən təqsirli bilib.
Bayram Bayramov 235 700 manat vəsaitin mənimsənilməsi ittihamını qəbul etdiyini bildirib.