Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son illər yollarda baş verən qəzaların əsas səbəblərindən biri sürücülərin sükan arxasında diqqətinin yayınmasıdır.
Xüsusilə avtomobil idarə edərkən mobil telefonla danışmaq, mesaj yazmaq və ekrana baxmaq ciddi təhlükə yaradır. Bu cür məsuliyyətsiz davranış bir çox hallarda ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.
Digər xırda qayda pozuntularına görə cərimələri artırmaq əvəzinə, məhz avtomobil idarə edərkən telefondan istifadə edən sürücülərə tətbiq olunan cərimələrin sərtləşdirilməsi daha məqsədəuyğun yanaşma kimi qiymətləndirilir. Bu addım sürücülərin qaydalara daha ciddi yanaşmasına gətirib çıxara və nəticədə qəzaların sayını azalda bilər.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yol qəzalarınıb baş vermə səbəblərindən biri də sürücülərin qaydalara etinasız yanaşmasıdır:
“Sükan arxasında telefona başı qarışan, telefonla danışan və mesaj yazan sürücülər səbəbindən yol-nəqliyyat hadisələri baş verir. Baxmayaraq ki, “Yol hərəkəti haqqında” Qanuna görə, sükan arxasında telefonu əldə tutmaqla danışmaq və mesaj yazmaq qadağandır. İnzibati Xətalar Məcəlləsinə əsasən buna görə 50 manat cərimə nəzərdə tutulub. Amma biz yenə də görürük ki, sürücülər bəzən bu qaydaları pozurlar. Əslində burada yüksək məbləğdə cərimə tətbiq edilsə belə, yenə bu pozuntular ola bilər. Əgər sürücüdə məsuliyyət hissi yoxdursa, o, yenə sükan arxasında telefonla danışıb qaydaları pozacaq. Bu, insanın özünün şəxsi məsuliyyəti və digər yol hərəkəti iştirakçılarına nə dərəcədə dəyər verməsidir”.
O qeyd edib ki, məsuliyyətsiz sürücü cərimə məbləği nə qədər çox olsa belə, qaydaları pozmağa davam edəcək:
“Bəzən kiçik məsuliyyətsizlik ağır qəzalar səbəb olur. Qanunun tələblərinə riayət etməyən sürücü həm öz, həm də digər vətəndaşların həyatını riskə atır. Bu səbəbdən qaydalara biganə yanaşmaq düzgün deyil. Yenə də tövsiyə olunur ki, sürücülər qulaqcıqla danışsınlar. Qulaqcıq varsa, ondan istifadə edə, telefon üçün tutacaq varsa, telefonu ora qoyub danışa bilərlər. Əsas şərt telefonu əldə tutmamaqdır. Həmçinin telefon əldə tutulmasa belə, tutacağa qoyulsa da, sürücünün fikri yayınmamalıdır. Yalnız sürücülərin məsuliyyəti bu səbəbdən baş verən qəzaların sayını azalda bilər”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin