Mobil telefon təhsildə imkan kimi qiymətləndirilməlidir

15.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Mobil telefon tədris prosesinin effektiv alətinə çevrilməlidir

XQ xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə səsləndirib.

O bildirib ki, məktəblərdə mobil telefonlardan istifadəyə qadağa tətbiq etmək əvəzinə, onların tədris prosesinə səmərəli şəkildə inteqrasiyası daha məqsədəuyğun olardı.

Osman Gündüzün sözlərinə görə, müəllimlər mobil telefonlardan dərs prosesində interaktiv tədris vasitəsi kimi istifadə edə, şagirdlərə müxtəlif tapşırıqlar verərək araşdırma aparmalarını, məlumat toplamalarını və əldə etdikləri nəticələri təqdim etmələrini təşkil edə bilərlər. Bu yanaşma telefonu diqqəti yayındıran vasitədən daha çox öyrənməni dəstəkləyən alətə çevirir.

O qeyd edib ki, şagirdlərin mobil telefonlardan dərs zamanı qeyri-tədris məqsədləri ilə istifadə etməsi müəllimin sinfi idarəetmə bacarıqları və dərsin təşkili ilə bağlı məsələdir. Bu səbəbdən problemin həlli kimi telefonların tam qadağan edilməsi və ya şkaflarda saxlanılması düzgün yanaşma hesab olunmamalıdır.

“Mobil telefon müasir dövrdə geniş imkanlara malik rəqəmsal vasitədir. Düşünürəm ki, o, tədris prosesinin ayrılmaz hissəsinə çevrilməli və düzgün idarə olunmaqla təhsilin keyfiyyətinin artırılmasına xidmət etməlidir”, – Osman Gündüz vurğulayıb.

Fidan ƏLİYEVA

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью