525.az saytına istinadən Icma.az xəbər verir.
"Şagirdlərin dərs zamanı mobil telefondan istifadə etməsi tədris prosesinə mənfi təsir göstərir və bu səbəbdən məktəblərdə telefon istifadəsi qadağan olunmalıdır. Əvvəla, mobil telefonlar şagirdlərin diqqətini yayındırır. Dərs zamanı sosial şəbəkələrə baxmaq, oyun oynamaq və ya mesajlaşmaq şagirdin mövzunu tam mənimsəməsinə mane olur. Bu isə akademik göstəricilərin zəifləməsinə gətirib çıxarır. Təhsil mühiti diqqət və intizam tələb etdiyindən, telefonlar bu mühit üçün uyğun vasitə sayılmır".
Bu fikri təhsil eksperti Elçin Əfəndi 525.az-a bildirib. O qeyd edib ki, mobil telefonlar şagirdlər arasında canlı ünsiyyəti azaldır. Fasilələrdə belə telefonla məşğul olan şagirdlər sosial bacarıqlarını kifayət qədər inkişaf etdirə bilmirlər. Halbuki məktəb yalnız bilik deyil, eyni zamanda ünsiyyət, əməkdaşlıq və sosial davranışların formalaşdığı bir məkandır:
"Şagirdlərin mobil telefondan istifadəsinin qadağan olunması tədris keyfiyyətinin yüksəlməsinə, nizam-intizamın güclənməsinə və sağlam məktəb mühitinin formalaşmasına töhfə verə bilər. Bu baxımdan, məktəblərdə telefon siyasətinin yenidən nəzərdən keçirilməsi vacib hesab olunur. son dövrlər bəzi müəllimlər dərsin gedişatında diqqət çəkən videolar çəkərək paylaşmaqla daha çox rəğbət qazanmaq istəyirlər. Bu isə dərs prosesinə mənfi təsir göstərir".
Sevinc Qarayeva