Modern təhsil islahatçısı: Seyyid Əhməd Xan

05.08.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hindistanın tanınmış maarifçi, hüquqşünas və yazıçısı Seyyid Əhməd Xan (1817-1898) müasir müsəlman təhsilinin banilərindən biri hesab olunur. O, bu gün Hindistanın ən nüfuzlu ali təhsil müəssisələrindən sayılan Əligərh Müsəlman Universitetinin əsasını qoyub.

Sherg.az xəbər verir ki, 1817-ci il oktyabrın 17-də Dehlidə anadan olan Seyyid Əhməd Xan ilk təhsilini ailəsində alıb, daha sonra məhkəmə sistemində çalışaraq müxtəlif şəhərlərdə hakim vəzifəsində fəaliyyət göstərib.

1857-ci il Sipahi üsyanı zamanı ingilislərə qarşı çıxış etməyən Əhməd Xan bundan sonra müsəlman cəmiyyətinin inkişaf yolunu təhsildə gördü. 1869-1870-ci illərdə İngiltərəyə səfər edərək Oksford və Kembric universitetlərinin təhsil modelini öyrəndi. Vətənə qayıtdıqdan sonra "Tehzibül-Əxlaq" jurnalını nəşr etdirdi və təhsil islahatlarını təşviq etdi.

1875-ci ildə Əligərhdə yaratdığı təhsil müəssisəsi sonradan Anglo Muhammadan Oriental College, 1920-ci ildən isə Əligərh Müsəlman Universiteti adını aldı. Bu universitet sonrakı dövrdə minlərlə müsəlman ziyalısının, alim və siyasətçinin yetişməsində mühüm rol oynadı.

Seyyid Əhməd Xan hesab edirdi ki, müsəlmanlar müasir elm və texnologiyanı mənimsəməli, Qərb elmi ilə yaxından tanış olmalıdırlar. Bu məqsədlə ingilis dilindəki elmi əsərlərin urdu dilinə tərcüməsini təşkil edən Scientific Society (Elmi Cəmiyyət) qurdu.

Onun dini baxışları da mübahisələr doğururdu. Əhməd Xan İslamın ağıl və elmlə ziddiyyət təşkil etmədiyini müdafiə edir, bəzi dini mətnləri rasional şəkildə şərh etməyə çalışırdı. Bu yanaşma dövrünün bir sıra din alimləri tərəfindən tənqid olunurdu.

Siyasi baxımdan o, İngiltərə ilə əməkdaşlığın tərəfdarı idi və Hindistanda ingilis hakimiyyətinə qarşı mübarizəni dəstəkləmirdi. Buna görə də Britaniya tərəfindən "Sir" tituluna layiq görülmüşdü.

Bütün mübahisəli fikirlərinə baxmayaraq, Seyyid Əhməd Xanın təhsil sahəsində həyata keçirdiyi islahatlar Hindistan müsəlmanlarının inkişafına ciddi təsir göstərib. Pakistanın milli şairi Məhəmməd İqbal onun haqqında "Müasir dövrün çağırışlarına ilk ciddi reaksiya verən şəxs idi" sözlərini işlədib.

Seyyid Əhməd Xan 1898-ci il martın 27-də Əligərhdə vəfat edib. O, çoxsaylı elmi və tarixi əsərlərin müəllifi olmaqla yanaşı, təhsil modeli və ideyaları bu gün də Əligərh Müsəlman Universitetində yaşadılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью