Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı Azərbaycanın son onilliklər ərzində keçdiyi tarixi yolun, əldə olunan Zəfərlərin və qarşıda duran vəzifələrin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı həm partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolu, həm də Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində qarşısında duran əsas hədəfləri diqqətə çatdırıb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində suverenliyin tam təmin olunması müasir tariximizin ən mühüm hadisələrindəndir. 8 Noyabr və 20 Sentyabr tarixləri xalqımızın yaddaşında dövlətçilik iradəsinin və tarixi Zəfərin rəmzləri kimi yaşayacaqdır. Bu uğurlar təsadüfi nəticə deyil, uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin məntiqi yekunudur. Azərbaycan xalqının vahid mövqeyi, dövlətin qətiyyətli siyasəti, güclü iqtisadi və hərbi potensialı qarşıya qoyulan strateji məqsədlərin reallaşmasına imkan verib. 44 günlük müharibə zamanı nümayiş etdirilən milli həmrəylik bunun ən parlaq nümunəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir: “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.
Azərbaycanın zəfərlərinin başlanğıcı Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə əlaqələndirilir. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın yaradılması ölkənin ağır siyasi və iqtisadi böhranla üzləşdiyi bir dövrə təsadüf edirdi. Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən siyasi qüvvələr dövlətçiliyin qorunmasını, sabitliyin təmin edilməsini və milli maraqların müdafiəsini əsas prioritet kimi müəyyənləşdirdilər.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişafında yeni mərhələ başladı. Dövlətçiliyin möhkəmləndirilməsi, beynəlxalq təcriddən çıxış, iqtisadi imkanların genişləndirilməsi və xarici sərmayələrin cəlb edilməsi ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. “Əsrin müqaviləsi” də bu siyasətin mühüm nəticələrindən biri oldu.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. İqtisadi imkanların artırılması, hərbi potensialın gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi Azərbaycanın əsas strateji istiqamətlərinə çevrildi.
Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri ərazi bütövlüyünün bərpası idi. Uzun illər davam edən münaqişənin nəticələri aradan qaldırıldı və regionda tamamilə yeni geosiyasi reallıq yarandı. Bu proses yalnız hərbi uğurlardan ibarət deyildi. Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə ardıcıl diplomatik fəaliyyət göstərərək öz haqlı mövqeyini müdafiə etdi. Bu gün Azərbaycan beynəlxalq müstəvidə öz milli maraqlarını müstəqil şəkildə müdafiə edən, regional proseslərə təsir imkanları genişlənən dövlət kimi çıxış edir. Ərazi bütövlüyünün və suverenliyin bərpası ölkənin geosiyasi mövqeyini daha da gücləndirib.
VIII Qurultay qarşıdakı mərhələnin əsas istiqamətlərini də müəyyənləşdirir. Əgər partiyanın yaradıldığı dövrdə əsas vəzifə dövlətçiliyi qorumaq, siyasi sabitliyi təmin etmək və ölkəni böhrandan çıxarmaq idisə, bu gün Azərbaycanın əldə etdiyi zəfərləri möhkəmləndirmək, sülh və əməkdaşlıq mühitini gücləndirmək, ölkənin beynəlxalq mövqelərini daha da möhkəmləndirmək əsas prioritetlər sırasındadır.
Azərbaycanın bugünkü gücü uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir. YAP-ın təsisindən başlayan siyasi yol, Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə tarixi nəticəyə çatıb.
Qarşıdakı dövrdə bu tarixi nailiyyətlərin qorunması, dövlətimizin gücünün daha da artırılması, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin edilməsi əsas vəzifələr sırasında olacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın yeni uğurlara doğru inamla irəliləməsinə möhkəm zəmin yaradır. Möhtəşəm Zəfərlərlə zəngin olan bu yol Azərbaycanın parlaq gələcəyinə aparan etibarlı və möhkəm təməldir.